Almaniya hökuməti Avropa İttifaqından kənar altı ölkə ilə qeyri-qanuni miqrantların Almaniyadan öz vətənlərinə sürətlə qayıtmasını nəzərdə tutan "miqrasiya tərəfdaşlığı” ilə bağlı danışıqlar aparır.
Qaynarinfo DW-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi bildirib.
Onun sözlərinə görə, hazırda Gürcüstan, Moldova, Keniya, Kolumbiya, Özbəkistan və Qırğızıstanla danışıqlar aparılır. Berlin qeyri-qanuni miqrantların sayını azaltmağı və eyni zamanda Almaniyaya qanuni miqrasiya üçün imkanlar yaratmağı hədəfləyir.
Qeyd olunur ki, iki Mərkəzi Asiya ölkəsi ilə danışıqlar artıq xeyli irəliləyib. Mayın əvvəlində Berlin Özbəkistanla, sentyabrın sonunda isə Qırğızıstanla Anlaşma Memorandumu imzalayıb.
Sentyabr ayında Almaniya hökumətinin miqrasiya sazişləri üzrə xüsusi komissarı Yoahim Stamp Keniyada danışıqlara rəhbərlik edib.
Almaniya Daxili İşlər Nazirliyinin nümayəndəsi aydınlaşdırıb ki, Cənubi Amerika ölkəsi vətəndaşlarının sığınacaq üçün müraciətlərinin sayı 2018-ci ildəki 140-dan 2023-cü ilin birinci yarısında 1500-ə yüksəldiyi üçün Kolumbiya da siyahıda yer alıb.
"Gürcüstan və Moldova xüsusi prioritetlərə malikdir, çünki Almaniyada rədd edilən sığınacaq müraciətlərinin 10 faizindən çoxu yalnız bu iki ölkənin vətəndaşlarıdır”, - rəsmi qeyd edib.
Nizami Bağırov