Bir vaxtlar qeysəriyyə əməliyyatı yalnız çıxılmaz vəziyyətlərdə tətbiq edilirdi. Həkimlər ağır vəziyyətdə olan ananın həyatını xilas edə bilməsələr də, heç olmasa körpəni xilas etməyə çalışırdılar. Bu gün isə müasir tibbin inkişafı sayəsində qeysəriyyə doğuşu həm ana, həm də uşaq üçün təhlükəsiz hesab olunan mühüm cərrahi müdaxilələrdən birinə çevrilib.
Qaynarinfo Pravda-ya istinadən qeysəriyyə əməliyyatı haqqında məlumatları təqdim edir:
Əfsanədən müasir tibbə
Qeysəriyyə əməliyyatının adının Yuli Sezarın belə dünyaya gəlməsi ilə bağlı olduğu iddia olunsa da, tarixçilər bunun doğru olmadığını bildirirlər. Çünki Sezarın anası onun doğulmasından sonra uzun illər yaşayıb.
Tarixdə qeydə alınan ilk uğurlu qeysəriyyə əməliyyatlarından biri 1500-cü ildə Jakob Nufer adlı şəxs tərəfindən həyata keçirilib. Maraqlıdır ki, o, həkim deyil, donuzları axtalayan usta idi. Məlumatlara görə, doğuşu mümkün olmayan həyat yoldaşını əməliyyat edərək həm ananın, həm də körpənin həyatını xilas edə bilib.
1794-cü ildə ABŞ-də həkim Cessi Bennet öz həyat yoldaşına uğurlu qeysəriyyə əməliyyatı edib. Sonrakı dövrlərdə antiseptiklərin, antibiotiklərin, anesteziyanın inkişafı və 1900-cü ildə Pfannenştiel adlanan aşağı qarın kəsiyinin tətbiqi əməliyyatın risklərini əhəmiyyətli dərəcədə azaldıb.
Dünyada qeysəriyyə əməliyyatlarının sayı artır
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda dünyada hər beş doğuşdan biri qeysəriyyə yolu ilə həyata keçirilir. Proqnozlara əsasən, 2030-cu ilə qədər bu göstərici 29 faizə yüksələcək və hər üç uşaqdan biri bu üsulla dünyaya gələcək.
Mama-ginekoloq Andrey Martıç bunun bir neçə səbəbi olduğunu bildirir. Bunlara aşağıdakılar daxildir:
qadınların ilk hamiləlik yaşının artması;
şəkərli diabet, piylənmə kimi metabolik problemlərin çoxalması;
əvvəlki qeysəriyyə əməliyyatları nəticəsində uşaqlıqda çapıq yaranması və növbəti doğuşlarda yenidən əməliyyata ehtiyacın artması.
Həkimin sözlərinə görə, müasir mama-ginekologiyada əsas məqsəd hər qiymətə təbii doğuş deyil, ana və körpə üçün ən təhlükəsiz üsulun seçilməsidir.
Qeysəriyyə "asan doğuş" deyil
Mütəxəssislər qeysəriyyənin "asan yol" olması ilə bağlı fikirlərin tamamilə yanlış olduğunu vurğulayırlar.
Bu əməliyyat zamanı həkim yeddi müxtəlif toxuma qatını kəsir:
dəri;
dərialtı piy qatı;
fassiya;
əzələlər;
qarın pərdəsi;
uşaqlıq;
amniotik kisə.
Bu səbəbdən qeysəriyyə ciddi qarın boşluğu əməliyyatı hesab olunur və sonrakı hamiləliklərə də təsir göstərə bilən uşaqlıq çapığı yaradır.
Hansı ağırlaşmalar mümkündür?
Həkimlərin sözlərinə görə, qeysəriyyədən sonra aşağıdakı ağırlaşmalar baş verə bilər:
uşaqlıq və əməliyyat sahəsinin infeksiyaları;
güclü qanaxma;
venoz tromboemboliya;
uşaqlıq divarında çapıq nahiyəsinin nazilməsi;
sonrakı hamiləliklərdə plasentanın çapıq nahiyəsinə yapışması.
Buna görə əməliyyatdan əvvəl hər bir qadının riskləri ayrıca qiymətləndirilir.
Əməliyyatdan sonra bərpa necə aparılır?
Hazırda bir çox xəstəxanada ERAS (Enhanced Recovery After Surgery) adlanan sürətləndirilmiş bərpa proqramı tətbiq olunur.
Bu yanaşmaya əsasən, əks-göstəriş yoxdursa, qadının əməliyyatdan 6–12 saat sonra hərəkət etməsi tövsiyə edilir. Bu, bağırsaqların fəaliyyətini bərpa edir, tromboz riskini azaldır və sağalmanı sürətləndirir.
Ev şəraitində isə ilk həftələrdə aşağıdakılar vacib sayılır:
ağır yük qaldırmamaq;
həkimin təyin etdiyi ağrıkəsicilərdən istifadə etmək;
tikiş nahiyəsini təmiz saxlamaq;
qanaxma, qızartı, şişkinlik, irinli axıntı və ya kəskin ağrı yaranarsa, dərhal həkimə müraciət etmək.
Həkimlər yataqdan qalxarkən və ya öskürərkən qarının aşağı hissəsini yastıqla dəstəkləməyi, artıq çəkisi olan qadınlarda isə tikiş nahiyəsinin nəm qalmasının qarşısını almaq üçün xüsusi tibbi lentlərdən (teyplərdən) istifadə etməyi də tövsiyə edirlər.
Qeysəriyyə ilə doğulan uşaqlar fərqlidirmi?
Mütəxəssislər qeysəriyyə ilə doğulan uşaqlarla bağlı yayılmış miflərin elmi əsasının olmadığını bildirirlər.
Lakin planlı qeysəriyyədən sonra bəzi körpələr ilk saatlarda bir qədər yuxulu ola, döşə gec tutulub əmizdirməyə başlaya bilərlər. Bunun səbəbi onların təbii doğuş zamanı baş verən fizioloji stress mərhələsini yaşamamalarıdır.
Həkimlərin sözlərinə görə, əksər hallarda bu vəziyyət müvəqqətidir və körpələr qısa müddətdə tam uyğunlaşırlar.
Çoxdöllü hamiləlikdə qeysəriyyə
Qeysəriyyə əməliyyatı xüsusilə əkiz və üçəm hamiləliklərdə daha çox tətbiq edilir. Üçəm hamiləliklərdə isə demək olar ki, bütün doğuşlar əməliyyat yolu ilə həyata keçirilir.
Mütəxəssislər bildirirlər ki, əkiz hamiləlikdə qeysəriyyə texniki baxımdan daha mürəkkəb olur. Uşaqlığın həddindən artıq gərilməsi qanaxma riskini artırdığı üçün həkimlər əvvəlcədən xüsusi hazırlıq görür və həm ana, həm də hər iki körpə üçün bütün zəruri tədbirləri həyata keçirirlər.
Mütəxəssislərin fikrincə, qeysəriyyə əməliyyatı sadəcə doğuş üsulu deyil, ciddi cərrahi müdaxilədir. Buna görə də doğuşun hansı üsulla həyata keçirilməsindən asılı olmayaraq, əsas məqsəd ana və körpənin sağlamlığını qorumaqdır.
Günay
Şərhlər