Xəbər lenti

Qəzza fəlakəti savaşın görünən tərəfidir, bəs görünməyən tərəflər nədir? (ŞƏRH)
Dünya08:08 18.10.2023

Qəzza fəlakəti savaşın görünən tərəfidir, bəs görünməyən tərəflər nədir? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu savaşa sadəcə olaraq İsrail-HƏMAS qarşıdurması kimi yanaşmaq sadəlövhlükdür".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu İsrailin Qəzza bölgəsini bombalaması nəticəsində yaşanan proseslər fonunda savaşın miqyasının genişlənməsi ehtimalından danışarkən deyib.
Rufiz Hafizoğlu vurğulayıb ki, məsələyə Qəzza faktoru və Qəzzada yaşananlar kimi baxmaq da lazım deyil:
"Azərbaycan bucağından buna hər nə qədər fərdi yanaşsaq da, bu, içində həm milli, həm də dini motivləri birləşdirən bir savaşdır. Savaşa sadəcə olaraq İsrail-HƏMAS müharibəsi kimi yanaşmaq sadəlövhlükdür. Münaqişəyə yəhudi-ərəb konflikti kimi yanaşılır. 2007-ci ildən başlayaraq Qəzza bölgəsi tamamilə HƏMAS-ın nəzarətinə keçib. Bu gün Yaxın Şərqdə yaşananlar, şəhərlərin bombalanması, humanitar fəlakət sadəcə olaraq, savaşın görünən tərəfləridir. Görünməyən tərəflər isə daha ağır və dərindir. Yaxın Şərqdə İran, Rusiya və Çinin maraqları var. Həmçinin burada, Türkiyənin, Qərbin, Fransa və ABŞ-ın da maraqları da mövcuddur. Ayrı-ayrılıqda hər bir ərəb ölkəsinin də münaqişəyə öz yanaşma bucağı var. Bu baxımdan, münaqişənin daha kəskin şəkildə alovlanmasında çoxları maraqlı ola bilər. Onun arxasında Rusiya, İran və digərlərinin də durması mümkündür. Yaxın Şərqə hakim olmaq dünyaya hakim olmaq deməkdir. Fələstin məsələsində oranı ələ alan ölkə bölgəyə nəzarət edəcək”. 
Həmsöhbətimiz bildirib ki, böyük güclər kənardan münaqişəyə müdaxilə etsələr də, birbaşa olaraq hərbi müdaxilə ilə prosesə qoşulmayacaqlar: 
"Artıq bu münaqişənin tərəfləri var. Münaqişənin bir tərəfində Rusiya, İran, ABŞ yer alır. Habelə, başda Səudiyyə Ərəbistanı olmaqla, Misir də burada maraqlıdır. Bu dövlətlər bu və ya digər şəkildə savaşın içindədir. Söhbət hərbi münaqişədən gedirsə, bu ölkələrin orada silahla prosesə qoşulması inandırıcı deyil. Böyük dövlətlər heç zaman birbaşa savaşa qoşulmur. Hələlik münaqişədə "Hizbullah"ın aktiv iştirakını da görmürük. Türkiyə bu məsələdə hər zaman Fələstini dəstəkləyib. Xüsusən də Ərdoğanın dövründə Fələstinə açıq dəstək verilib. Türkiyə də birbaşa müharibənin iştirakçısı ola bilməz. Xarici işlər naziri Hakan Fidanın simasında Ankara açıqlama verərək bildirdi ki, Türkiyə tərəflər üçün zəmanət verə biləcək ölkə olaraq "2 dövlət - 1 paytaxt” prinsipinə əsaslanaraq, bölgədə bir paytaxtdan ibarət iki dövlətin qurulması tərəfdarıdır. Bu humanitar böhrandır və onun tez bir zamanda aradan qaldırılması şərtdir. Azərbaycan 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini tanıyır və münaqişənin alovlanmasını dəstəkləmir".
Qeyd edək ki, oktyabrın 17-də İsrail ordusunun Qəzza şəhərində həyata keçirdiyi hava hücumları nəticəsində yüzlərlə insan ölüb. Bu barədə HƏMAS-ın nəzarət etdiyi anklavın səhiyyə rəsmiləri məlumat verib. BMT-nin bildirdiyinə görə, İsrailin hava hücumları zamanı sığınacaq kimi istifadə edilən məktəblərdən birini vurub. Fələstinli rəsmilərin bildirdiyinə görə, Əl-Əhli Ərəbi xəstəxanasında 800 insanın həlak olduğu güman edilir. İsrail xəstəxananı vurmasıyla bağlı iddiaları rədd edərək, bunun Fələstin "İslami cihad” qruplaşmasının yanlış hücumunun nəticəsində baş verdiyini bildirib. 
Rüfət Sultan