İsrail ordusu oktyabrın 7-dən başlayaraq Qəzza zolağından keçən azı 1000 HƏMAS silahlısını məhv edib.
Qaynarinfo xəbər verir ki, bu barədə yerli "Kan” radiosu məlumat yayıb.
İsraildə HƏMAS qruplaşmasının hücumu nəticəsində ölənlərin sayı 1 200-ə yüksəlib, yaralananların sayı isə 2 700-ü keçib. Bu barədə İsrail Müdafiə Ordusunun (İMO) sözçüsü Conatan Konrikus müdafiə qurumunun sosial şəbəkədəki səhifəsində canlı yayımda açıqlayıb.
İsrail Müdafiə Ordusundan bildirilib ki, Qəzza zolağındakı Beyt Hanunda HƏMAS-ın 80-dən çox obyektinə, o cümlədən onun terrorizmi maliyyələşdirmək üçün istifadə etdiyi iki bank filialına, yeraltı tunellərə və qruplaşmanın fəaliyyətini istiqamətləndirmək üçün yararlandığı iki əməliyyat komanda mərkəzinə zərbələr endirib.
Qeyd edilib ki, İsrail Müdafiə Ordusu HƏMAS-ın silahların istehsalı və saxlanılması üçün istifadə etdiyi iki bazasını, müxtəlif qruplaşmaların, o cümlədən HƏMAS-ın dəniz qüvvələrinin iqamətgahında yerləşən silah anbarını, qruplaşmanın İsrailə qarşı terror fəaliyyətlərinə rəhbərlik edən İudeya və Samariyadakı mənzil-qərargahının baş əməkdaşı, keçmiş məhbus Lui Kapişanın istifadə etdiyi infrastrukturu məhv edib.
Eyni zamanda HƏMAS-ın şimaldakı briqada komandirinin qərargahına, qruplaşmanın raket qüvvələrinin istifadə etdiyi "İslami Cihad”ın əməliyyat komanda mərkəzinə də zərbələr endirilib. İsrail qırıcıları həmçinin "İslami Cihad”ın silah anbarına və məscidin daxilində yerləşən silahlıların bazasını da vurub.
Xatırladaq ki, 7 oktyabrda səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. HƏMAS yaraqlıları yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olublar. Buna cavab olaraq İsrail ordusu "Dəmir Qılınclar” hərbi əməliyyatına başladığını elan edib və bunun ardınca ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.