Fələstinlilərin Qəzzada "Torpaq günü" münasibətilə təşkil etdiyi "Böyük Qayıdış" nümayişlərində İsrail polisi ilə yaşanan qarşıdurmada ölənlərin sayı 16 nəfərə çatıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Qəzza səhiyyə nazirliyinin sözçüsü Əşrəf Əl Kudra bu barədə məlumat verib və yaralıların sayının 1400 nəfər olduğunu vurğulayıb. İsrail ordusu hərbçilərin təxribatçılara atəş açdığını təsdiqləyib.
Minlərlə aksiya iştirakçısı Fələstin-İsrail sərhəddində çadır quraraq ərazidə cümə namazı qılıblar.
Qeyd edək ki, ölkənin digər ərazilərində də nümayiş iştirakçılarına müdaxilələr edilib. Qərbi Şəriədə aksiya iştirakçılarına həqiqi, plastik güllə atılıb və gözyaşardıcı qazdan istifadə edilib.
30 mart 1976-cı ildə İsrail Fələstin nəzarətində olan torpaq sahəsini zəbt etmiş, hadisəyə etiraz edənlərdən 6-sı Deir Hannada öldürülmüş, minlərlə adam yaralanmışdı. Fələstinlilər hər il 30 martda işğala qarşı tədbirlər təşkil edir.