İsraildə fövqəladə vəziyyət elan edilib.
Qaynarinfo xəbər verir ki, hökumət aktiv şəkildə silahlı qüvvələri silahlandırır.
Qeyd edilib ki, bunun fonunda Fələstində liderlərin fövqəladə toplantısı çağırılıb.
13.56
HƏMAS-ın İsrailə davam edən hücumu nəticəsində 22 nəfər ölüb, 300-ə yaxın insan yaralanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Times of Israel” nəşri məlumat yayıb.
Yaralanan şəxslərdən 70-nin vəziyyətinin ağır olduğu bildirilib.
13.11
HƏMAS üzvləri İsrailin cənubundakı icmalarda patrul xidməti həyata keçirirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, minlərlə israilli hazırda evlərində qapalı vəziyyətdədir: "Bu səhər onlarla HƏMAS silahlısı Qəzzadan İsrail ərazisinə keçib. Minlərlə israilli hazırda evlərində qapalı vəziyyətdədir, HƏMAS silahlıları isə İsrailin cənubundakı icmalarda patrul xidməti aparır, evlərə sızmağa və günahsız israilli ailələri öldürməyə çalışırlar”.
"The Times of Israel”in məlumatına görə, HƏMAS-ın İsrailə davam edən hücumu nəticəsində ölənlərin sayı 6-ya çatıb. Müxtəlif xəstəxanalardan verilən məlumatda 200-ə yaxın yaralının olduğu bildirilib.
İsrailin Müdafiə Ordusunun hava zərbələri nəticəsində isə HƏMAS-ın Qəzza zolağının Tel-Elxua rayonundakı qərargahı dağıdılıb.
Hücuma məruz qalan Sderot şəhər polis idarəsi İsrail təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb. Bildirilib ki, hadisə yerində yaralılar var.
İsrailin Baş naziri Benyamin Netanyahu ölkə əhalisinə müraciətində deyib. O, İsrail vətəndaşlarını əmin edib ki, HƏMAS hücuma görə cavab verəcək: "İsrail vətəndaşları, biz müharibə vəziyyətindəyik. Bu, əməliyyat, döyüş deyil, müharibədir və biz qalib gələcəyik”.
Hökumət başçısı vətəndaşları ordunun və arxa cəbhədəki qurumların tapşırıqlarına əməl etməyə çağırıb.
12.08
HƏMAS İsrailə qarşı müharibə elan edib.
Qaynarinfo xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant bildirib.
Nazir qeyd edib ki, bu gün Qəzza zolağından İsrail ərazisinə başlayan genişmiqyaslı raket hücumlarına cavab olaraq ölkəsinin Silahlı Qüvvələri döyüş əməliyyatlarına başlayıb.
İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin məlumatına əsasən, ordu Qəzza zolağında "Dəmir Qılınclar” ("Iron Swords") adı altında hərbi əməliyyatlar keçirir.
İsrail prezidenti İsxak Hersoq baş verənlərə "X” platformasında münasibət bildirib və ölkəsinin çətin dövr yaşadığını qeyd edib. İsrail rəhbəri xalqına və ordusuna tam dəstəyini ifadə edib: "Mən İsrail ordusunu, onun komandirlərini, hərbçilərini və bütün təhlükəsizlik xidmətlərini dəstəkləyirəm”.
HƏMAS-ın hücumu nəticəsində Sderot qəsəbəsində 5 nəfər ölüb, 100-dən çox insan yaralanıb. HƏMAS təşkilatı Qəzza zolağındakı İsrailin cənubuna və mərkəzinə kütləvi raket zərbələri endirir. Təşkilatın üzvləri artıq sərhəddə yerləşən Sderot qəsəbəsinə və digər ərazilərə sızıblar. Ərazilərdə toqquşmalar yaşanır.
Naariv.co portalı məlumat yayıb ki, İsrail Şaar xa-Neqev regional şurasının başçısı Ofir Libşteyn terrorçularla atışmada öldürülüb.
Bildirilib ki, Ofir Libşteyn sakinləri terrorçuların hücumundan müdafiə edərkən öldürülüb. Şura başçısının müavini Yossi Keren onun səlahiyyətlərini icra edir. Regional şuranın rəhbərliyi fövqəladə şəraitdə fəaliyyətlərini davam etdirir.
11.14
İsrail həkimləri şənbə günü səhər Qəzza zolağından atılan raketlər nəticəsində 70 yaşlı qadının öldüyünü təsdiqləyiblər.
"Report” xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Bildirilib ki, o, Aşdod şəhəri yaxınlığındakı Qederot kəndində yaşayıb.
***
"Qəzza zolağından olan radikallar oktyabrın 7-də səhər saatlarında İsrail ərazisinə raket zərbələri endiriblər”.
"Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"Son yarım saat ərzində Qəzza zolağından İsrail ərazisinə raketlər atılıb. İsrailin cənub və mərkəzi hissələrində yaşayan sakinlərinə mühafizə olunan ərazilərdə qalmaları və Daxili Cəbhə Komandanlığının göstərişlərinə əməl etmələri tövsiyə olunur”, - məlumatda qeyd edilib.
Daha əvvəl ordunun mətbuat xidməti məlumat vermişdi ki, İsrailin cənubunda və mərkəzində yerləşən bir çox yaşayış məntəqələrində, o cümlədən Təl-Əvivdə və onun ətraflarında həyəcan siqnalı verilib.
***
İsrail həkimləri şənbə günü səhər Qəzza zolağından atılan raketlər nəticəsində 70 yaşlı qadının öldüyünü təsdiqləyiblər.
"Report” xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Bildirilib ki, o, Aşdod şəhəri yaxınlığındakı Qederot kəndində yaşayıb.