Qırğızıstanın hakimiyyət orqanları və dövlət şirkətləri ABŞ da daxil olmaqla Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pozmayıb.
Qaynarinfo "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Dövlət Komitəsinin məlumatında
deyilir.
Bu cür halların yoxlanılması məqsədilə Qırğızıstanın xüsusi xidmət orqanları "müvafiq tədbirlər görmək üçün bununla əlaqəli ola biləcək özəl şirkətlərin və firmaların bu cür fəaliyyətinin müəyyən edilməsinə və dayandırılmasına yönəlmiş” araşdırmaya başlayıb.
"Təsdiqlə deyə bilərik ki, nə Qırğızıstan dövlətinin özü, nə də hər hansı dövlət strukturları və şirkətləri ABŞ və Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar rejimin pozulmasında iştirak edir”, - dövlət komitəsinin bəyanatında deyilir.
Eyni zamanda, komitə etiraf edib ki, sanksiyalar tədarük etdikləri məhsulların son istehlakçısının və istifadəçisinin kim olduğunu bilməyən özəl şirkətlər və firmalar tərəfindən pozula bilər.
Xatırladaq ki, dünən, iyulun 19-da "The Washington Post” öz mənbələrinə istinadən yazıb ki, ABŞ hakimiyyəti Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətləri pozduğuna görə Qırğızıstandan olan şirkətlərə və şəxslərə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.
Həmin gün Qırğızıstan ikili təyinatlı mallara ixrac nəzarətini gücləndirib. Bundan sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın sanksiyalar təhlükəsinə baxmayaraq, Kremlin Qırğızıstanla əməkdaşlığı inkişaf etdirəcəyini bildirib.
Nizami Bağırov