Qırğızıstan parlamentinin spikeri Nurlanbek Şakiyev soyadını dəyişərək Nurlanbek Turğunbek uulu (oğlu) edib. O, bununla soyadının daha qırğız səslənməsi məqsədini güdüb.
Qaynarinfo xəbər verir ki, bu barədə spiker özünün "Facebook" səhifəsində paylaşım edib.
Nurlanbek Turğunbek uulu soyadını dəyişməyin uzun müddətdir onun arzusu olduğunu bildirib. O, qloballaşma dövründə milli kimliyin, o cümlədən dil aspektində qorunmasının vacibliyini vurğulayıb.
Qırğızlarda "ov" və "yev" sonluqları ilə bitən soyadlar rus mədəniyyətinin təsiri ilə formalaşıb. Bu zaman soyadların əsası kimi atanın atasının adı götürülüb. Soyadını dəyişən Nurlanbek Turğunbek uulu atasının adı olan Turğunbeki əsas seçib. Qırğız antroponimiyasına görə, "uulu" sözü "oğlu" mənasını ifadə edir. Siyasətçi həmçinin əlavə edib ki, babasının adı unudulmayacaq və onun qardaşları və bacıları Şakiyev soyadını daşımağa davam edəcəklər.
Qırğızıstan parlamentinin spikeri soyadını dəyişmək niyyətini ilk dəfə dekabr ayının sonunda açıqlayıb. Bu qərar, ölkə vətəndaşlarının soyad seçimini genişləndirmək məqsədini güdən qanun layihəsinin parlamentdə müzakirə edildiyi bir vaxtda qəbul edilib. Layihə birinci oxunuşda qəbul olunub.
Aydın
Şərhlər