Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək üçün çoxmillətli əməliyyata başlanılır. Səbəb Yəmən husilərinin ticarət gəmilərinə hücumlarıdır. Əməliyyata Böyük Britaniya, Bəhreyn, Kanada, Fransa, İtaliya, Niderland, Norveç, İspaniya və Seyşel adaları daxil olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostinin
bəyanatında deyilir.
"Son vaxtlar Yəməndən husilərin ehtiyatsız hücumlarının artması ticarətin azad axınını təhdid edir, günahsız dənizçiləri təhlükə altına alır və beynəlxalq hüququ pozur. Bu, kollektiv fəaliyyət tələb edən beynəlxalq çağırışdır. Buna görə də mən bu gün "Prosperity Guardian" (Rifahın keşikçisi-red.) əməliyyatının yaradılmasını elan edirəm”, deyə Ostin bəyanatında bildirib.
Pentaqonun rəhbərinin sözlərinə görə, "yeni vacib çoxmillətli təşəbbüs" Birləşmiş Dəniz Qüvvələrinin himayəsi altında fəaliyyət göstərəcək. O, "bütün ölkələr üçün naviqasiya azadlığını” təmin etmək və "regional təhlükəsizlik və rifahı” gücləndirməsi məqsədilə Qırmızı dənizin cənubunda və Ədən körfəzində təhlükəsizlik məsələlərinə diqqət yetirəcək.
Xatırladaq ki, Yəmən husiləri İsrail və HƏMAS arasında müharibə başlayandan bəri beynəlxalq sularda gəmilərə hücum edir. Husilər müharibədə Fələstin hərəkatını dəstəkləyib və İsraillə əlaqəli gəmilərə hücum edəcəklərini vəd ediblər. Bunun fonunda bir çox şirkətlər Qırmızı dəniz vasitəsilə yük daşımaqdan imtina ediblər.
Nizami Bağırov