Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə müharibədə ilk dəfə qitələrarası ballistik raket (ICBM) atdıqlarını açıqlayıb. Qitələrarası ballistik raket ilk dəfə 1957-ci ilin avqustunda Sovet İttifaqı tərəfindən sınaqdan keçirilib. Bəs bu raketlər nədir və Rusiya 1000 gündür davam edən müharibədə niyə ilk dəfə qitələrarası ballistik raketə müraciət edib?
Qaynarinfo xəbər verir ki, qitələrarası ballistik raket çox uzun məsafələrə nüvə və ya adi döyüş başlıqlarını çatdırmaq üçün nəzərdə tutulmuş silahlardır. Hər bir raketə birdən çox döyüş başlığı quraşdırıla bilər və bunlar müstəqil şəkildə müxtəlif hədəfləri vurmaq qabiliyyətinə malikdir.
1957-ci ildə Sovet İttifaqı ICBM-ləri sınaqdan keçirən ilk ölkə olub. Hazırda Rusiya ilə yanaşı, ABŞ və Çin də böyük həcmdə qitələrarası raketlərə malikdir. İngiltərə, Fransa, Hindistan, İsrail və Şimali Koreya isə daha məhdud sayda bu raketləri həm qurudan, həm də sualtı gəmilərdən atılmaq üçün saxlayır.
ICBM-lərin digər ballistik raketlərdən üstünlüyü daha geniş mənzilə və sürətə sahib olmasıdır.
ICBM-lərin mənzili nə qədərdir?
Qitələrarası ballistik raketlər standart olaraq 5500 kilometrdən çox mənzilə malik olmalıdır. Amma bəzi raketlərin mənzili bu göstəricidən daha böyükdür.
Rusiya tərəfindən atıldığı bildirilən "Oreşnik" raketi Astraxan bölgəsindən buraxılıb. Rusiya ICBM-lərinin mənzili 10 min kilometrdən çox ola bilər. Bu o deməkdir ki, nəzəri olaraq, Astraxandan buraxılan bir raket ABŞ-ın şərq sahillərinə qədər çata bilər.
ICBM-lərin sürəti nə qədərdir?
Bu raketlər saatda 24,500 kilometr sürətə çatır. Bu, saniyədə 7 kilometr deməkdir.
"Ballistik" adını da buradan alır, çünki əvvəlcə atmosferin üst qatlarına qalxır, daha sonra hədəfə doğru enir. Bu hərəkət tərzi onlara həm yüksək sürət qazandırır, həm də daha az düz hərəkət edən və daha yavaş olan seyir raketlərindən fərqli olaraq, tutulmasını çətinləşdirir.
ICBM-lər nüvə raketləridirmi?
ICBM-lər həm nüvə, həm də konvensional döyüş başlıqları ilə təchiz edilə bilər.
Ukrayna Hərbi Hava Qüvvələri isə Rusiyanın atdığı raketin heç bir nəticə vermədiyini açıqlayıb, lakin itkilər və ziyan barədə əlavə məlumat verməyib.
ICBM-lərin qiyməti nə qədərdir?
Rusiya ICBM proqramının xərcləri məlum deyil, amma ABŞ-ın xərcləri haqqında məlumat var. ABŞ Müdafiə Nazirliyi "Sentinel" ICBM proqramına 140 milyard dollar büdcə ayırıb. Bir "Sentinel" raketinin dəyəri 162 milyon dollar təşkil edir.
Bu silahlar, bütün ölkələr üçün çox bahalıdır.
Rusiya niyə indi bu raketi buraxdı?
Rusiyanın Ukraynaya qarşı hərbi işğalından 1000 gün keçdikdən sonra müharibə gərginləşməyə başlayıb.
2024-cü ilin avtqustunda Ukrayna 1000 kvadrat kilometrdən çox ərazini işğal edib. Həmçinin, Rusiyanın Kursk bölgəsində Şimali Koreya qüvvələrinin yerləşdirilməsi gərginliyi artıran mühüm bir addım olub.
Bunun ardınca, ABŞ prezidenti Co Bayden ATACMS raket sistemlərinin ilk dəfə olaraq Rusiya ərazisində istifadəsinə icazə verib. Britaniya və Fransanın "Storm Shadow/Scalp" raketləri də Rusiya daxilindəki hədəfləri vurub.
Bu artan hərbi eskalasiya, Donald Trampın ABŞ prezidentliyinə qayıtmağa hazırlaşdığı dövrə təsadüf edir. Tramp isə Ukrayna müharibəsini 24 saat ərzində bitirəcəyinə söz verib, amma bunun necə olacağını açıqlamayıb.
Aydın
Şərhlər