
Bəşəriyyətin necə sona çatacağı, müəyyən mənada qiyamətin necə qopacağı insan ağlını ən çox məşğul edən suallardan biridir. Ötən illərdə vəfat edən alim Stiven Hokinq öz elmi işləriylə heç vaxt unudulmayacaq. Kainat barədə fikirlərinə əlavə olaraq dünyayla bağlı elə "qiyamət" xəbərdarlıqları var ki!..

Bu yazıda Qaynarinfo Hokinqin ölümündən sonra da çox danışılacaq gələcəklə bağlı vacib xəbərdarlıqlarını xatırladır...
76 yaşında vəfat edən İngilis fizika professoru Stiven Hokinq ümumi nisbilik və qara dəliklər üzərində apardığı araşdırmalarla məşhur idi. Ancaq Hokinq tez-tez öz araşdırma sahəsindən uzaqlaşaraq önümüzdəki dövrlərdə insanlığı gözləyən çətinliklərə və mövcud təhdidlərə diqqət çəkdi. Bu məsələlərlə bağlı açıqlamaları mətbuatın manşetində olsa da, bəzən mübahisələrə səbəb oldu.
Stiven Hokinq bütün yumurtaları eyni səbətə qoymağı düzgün hesab etməyən biriydi. Bu nümunədəki səbət Yerdir. Onilliklər boyu Hokinq bəşəriyyətin digər planetlərdə daimi olaraq yerləşməsi üçün hərəkətə keçməli olduğunu deyirdi. Bu açıqlamalar tez-tez manşetlərə çevrildi. Hokinqə görə, bəşəriyyəti yer üzündən siləcək hadisələrdən qaçmaq mümkün deyil. Bu hadisələrə meteoritlər kimi kosmik hadisələrlə bərabər süni zəka, iqlim dəyişikliyi, geni dəyişdirilmiş viruslar və ya nüvə müharibəsi kimi hadisələr də nəzərdə tutula bilər.

2016-cı ildə BBC-yə danışan Hokinq "Dünyada bir il içində bir fəlakətin baş vermə ehtimalı çox azdır. Ancaq bu ehtimal geniş bir müddətdə artar və min ilə 10 min il arasında olan dövrlərdə demək olar ki, dəqiq hala gələr" demişdi. O dövrdə bəşəriyyətin bütün kainata yayıla biləcəyinə inanan Hokinq yenə də 100 il boyunca insanlara xəbərdarlıq etmişdi:

"Gələn əsrdə kosmosda özünə yetərli koloniyalar qurmaq üçün texnologiyaya sahib ola bilməyəcəyik, bu səbəbdən bu müddətdə çox diqqətli olmalıyıq".
Stiven Hokinq süni zəkanın yaratdığı imkanlardan xəbərdar olsa da, eyni zamanda təhdidlərinə qarşı da xəbərdarlıq edirdi. Hokinq 2014-cü ildə BBC-yə müsahibəsinə "Süni zəkanın hərtərəfli inkişafı insanlığın mövcudluğuna son qoya bilər", - demişdi. Hokinqə görə, bu günə qədər hazırlanmış sadə süni zəkalar çox faydalı olub. Onun özünün insanlarla danışmasını təmin edən də süni zəka proqramı idi. Ancaq Hokinq ağıllı robotların inkişaf etmiş formalarının insanları üstələyə biləcəyini düşünürdü.

Stiven Hokinq yer üzündə həyat üçün ən böyük təhdidlərdən birinin iqlim dəyişikliyindən gələcəyini düşünürdü. Bu səbəbdən Hokinq ABŞ-ın Paris Sazişindən çıxması ilə bağlı narahatlığını da dilə gətirmişdi: "Biz qarşısı alınmaz nöqtəyə çox yaxınıq. Trampın hərəkəti Yer kürəsinin 250 dərəcə istilikdə və turşu yağışlarının yağdığı Veneraya bənzəməsinə yol aça bilər".
Kainatın hər yerindən ağıllı varlıqlarla bağlı siqnalları incələyən SETI kimi quruluşlar olsa da, Hokinq kainatdakı digər ağıllı mədəniyyətlərə müraciət etməməklə bağlı xəbərdarlıq edib. 2010-cu ildə Discovery Channel-a danışan Hokinq yadplanetlilərin Yer kürəsini faydalı qaynaqlarına görə talan edib yoluna davam etməsi ehtimalından narahat olduğunu söyləyib:
"Yadplanetlilər bizi ziyarət edərsə, bu, Xristofor Kolumbun Amerikaya ayaq basması kimi olacaq. O kəşf də yerli amerikalılar üçün yaxşı olmamışdı. Ağıllı varlıqların tanış olmaq istəməyəcəyimiz şeylərə necə çevrilə biləcəyini görmək üçün özümüzə baxmağımız kifayətdir".
Alpər