Dünya Meteorologiya Təşkilatı (WMO) qlobal iqlim proqnozlarına dair hesabatını yayımlayıb. Hesabatda qeyd olunub ki, qarşıdakı 5 il ərzində temperatur səviyyələrinin rekord həddə və ya bu həddə yaxın qalacağı gözlənilir.
Qayanrinfo xəbər verir ki, WMO və Böyük Britaniyanın "Met Office" adlanan Meteorologiya İdarəsi tərəfindən hazırlanan ortaq hesabatda, qarşıdakı illərin iqlim risklərini artıracağı və bunun cəmiyyətlər, iqtisadiyyatlar və dayanıqlı inkişaf üzərində ciddi təsirlər yaradacağı bildirilib.
Orta illik temperatur 1,9 dərəcə yüksək ola bilər
Hesabatda qeyd olunub:
"Qlobal iqlim proqnozları göstərir ki, 2025-2029-cu illər arasında hər il üçün illik orta səth temperaturunun 1850-1900-cü illər arasındakı (sənaye öncəsi dövr) ortalamadan 1,2 ilə 1,9 dərəcə daha yüksək olması gözlənilir"
Eyni zamanda vurğulanıb ki, bu 5 illik dövrdə ən azı bir ilin sənaye öncəsi səviyyənin 1,5 dərəcə üzərində olması ehtimalı 86 faizdir. Bu dövr üçün 5 illik orta temperaturun 1,5 dərəcədən çox olması ehtimalı isə 70 faiz olaraq dəyərləndirilib.
İqlim böhranı qapıdadır
Hesabatda diqqətə çatdırılıb ki, isinməyə səbəb olan hər əlavə dərəcə daha dağıdıcı isti hava dalğalarına, ekstremal yağıntı hadisələrinə, şiddətli quraqlıqlara, buz təbəqələrinin, dəniz buzlarının və buzlaqların əriməsinə, okeanların isinməsinə və dəniz səviyyəsinin qalxmasına səbəb olur.
Paris Sazişi çərçivəsində müəyyən edilmiş qlobal istilik artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq hədəfi xatırladılaraq bildirilib ki, istilik artımı bu səviyyələrdə davam edərsə, bu hədəfin müvəqqəti olaraq aşılması getdikcə daha tez-tez müşahidə oluna bilər.
Tarixin ən isti 10 ili geridə qaldı
Hesabatda fikirlərinə yer verilən WMO-nun baş katibinin müavini Kou Barrett bildirib:
"Biz qeydə alınmış ən isti 10 ili artıq yaşadıq. Təəssüf ki, bu WMO hesabatı qarşıdakı illərdə temperaturun azalacağına dair heç bir ümid vermir. Bu vəziyyət isə iqtisadiyyatlarımız, gündəlik həyatımız, ekosistemlərimiz və planetimiz üzərində artan mənfi təsirlər deməkdir".
Barrett əlavə edib ki, daimi iqlim monitorinqi və proqnozlaşdırma, qərar vericilərə elmə əsaslanan alətlər təqdim etmək və temperatur artımına uyğunlaşma baxımından məlumat vermək üçün olduqca önəmlidir.
Aydın
Şərhlər