Yeni araşdırmaya görə, qocalmanın demək olar ki, bütün əsas səbəbləri aradan qaldırılsa belə, insan ömrünün nəzəri maksimum həddi təxminən 200 il ola bilər.
Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin məlumatına görə, alimlər qocalmanın əsas mexanizmlərinin aradan qaldırıldığı halda insan ömrünün təbii həddinin olub-olmadığını araşdırıblar. Tədqiqatda yalnız hüceyrələrin DNT-sində zamanla toplanan dəyişikliklər – somatik mutasiyalar nəzərə alınıb.
Mütəxəssislərin izahına görə, somatik mutasiyalar hüceyrələrin bölünməsi, maddələr mübadiləsi və ətraf mühit amillərinin təsiri nəticəsində həyat boyu tədricən yaranır. Alimlər hesab edirlər ki, bu proses qocalmanın qarşısının alınması baxımından ən çətin problemlərdən biridir.
Tədqiqat çərçivəsində ideal ssenari modelləşdirilib. Bu ssenaridə xroniki iltihab, mitoxondrial disfunksiya və qocalmış hüceyrələrin toplanması kimi qocalmanın digər əsas səbəblərinin tamamilə aradan qaldırıldığı fərz edilib.
Müəlliflər bildiriblər ki, hazırladıqları modelləşdirmə sistemi qocalmaya təsir edən amilləri mərhələli şəkildə qiymətləndirməyə imkan verir. Bu yanaşma ilə somatik mutasiyalar istisna olmaqla bütün digər qocalma əlamətlərinin aradan qaldırıldığı halda insan ömrünün mümkün həddi hesablanıb.
Araşdırmanın nəticələrinə görə, müxtəlif orqanlar DNT mutasiyalarının yaratdığı zədələnmələrə fərqli reaksiya verir.
Xüsusilə beyin və ürək daha həssas orqanlar hesab olunur. Bunun səbəbi həmin orqanlardakı həyati vacib hüceyrələrin doğulduqdan sonra ya ümumiyyətlə yenilənməməsi, ya da çox nadir hallarda bölünməsidir.
Bunun əksinə olaraq, qaraciyər köhnəlmiş hüceyrələri davamlı şəkildə yeniləmək qabiliyyətinə malikdir.
Alimlər müxtəlif orqanlar üzrə əldə olunan nəticələri birləşdirərək belə qənaətə gəliblər ki, yalnız somatik mutasiyalarla məhdudlaşan qocalma şəraitində insanın orta ömür uzunluğu nəzəri olaraq 146–194 ilə çata bilər.
Tədqiqat müəllifləri bildiriblər ki, bu nəticə göstərir ki, somatik mutasiyalarla yanaşı qocalmanın digər mexanizmləri də insan ömrünün məhdudlaşmasında mühüm rol oynayır.
Aydın
Şərhlər