Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton hesab edir ki, Almatıda keçirilən danışıqlar zamanı “altılıq” və Tehran arasında İranın nüvə problemi üzrə ilk dəfə əsl fikir mübadiləsi baş tutub. “Mənim üçün ən vacib o oldu ki, mən ilk dəfə tərəflər arasında əsl fikir mübadiləsi müşahidə etdim. Biz məsələləri təfsilatı ilə müzakirə edirdik və irəliləmək üçün cavablar ala bilirdik. Bu kontekstdə qeyd etdiyim element çox əhəmiyyətli idi”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ketrin Eşton İranla “altılıq” ölkələri arasında Almatıda iki gün davam edən danışıqların yekunlarına dair brifinqdə qeyd edib.