Xəbər lenti

"Barış sürəci" və ya altıncı atəşkəs (ARAŞDIRMA)
Dünya11:08 09.04.2013

"Barış sürəci" və ya altıncı atəşkəs (ARAŞDIRMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qafqaz ÖMƏROV

Son zamanlar türk mediasında ən çox müzakirə olunan və Ankaranın gündəmindən düşməyən bir siyasi isteriyanı araşdırmaq qərarına gəldik. Belə ki, Türkiyə dövlətinin bütün enerjisini qoyduğu bu məsələyə Azərbaycan ictimaiyyətinin fərqli reaksiyasını nəzərə alaraq bəzi məqamlara aydınlıq gətirmək yerinə düşər.


İdeya müəllifi Rəcəb Tayyib Ərdoğan olan "barış sürəcinin" (Türkiyə dövləti ilə silahlı PKK təşkilatı arasında gedən danışıqlar) nə ilə nəticələnəcəyi fərqli düşərgələrdən olan ekspertlər tərəfindən tamam müxtəlif cür şərh edilməkdədir. İzlədiyimiz Azərbaycan mediasında hələ ki, bu məsələ ilə bağlı sanballı heç bir analizə rast gəlmədiyimizdən bu məsələyə toxunmağı vacib saydıq. Rəsmi Bakının Ərdoğan hökumətinin siyasətini təbii olaraq dəstəklədiyi, müxalifətin isə türk müxalifətinin tənqidlərini azəri ləhcəsi ilə təkrar etmələrindən başqa bu mövzuda ciddi müzakirələr olmadı. 
Oxucularımız üçün maraqlı olsun deyə PKK-nın tarixindən tutmuş, türk dövlətinə qarşı həyata keçirdiyi qanlı aksiyaları, bu dövrlər ərzində baş verən bütün siyasi prossesləri tarixi xronologiyası ilə araşdırmağa çalışacağıq.

Terror təşkilatın tarixi


Kürd Fəhlə Partiyası ( Partiya Karkeren Kurdistan - kürdcə, Kürdüstan İşçi Partiyasi - türkcə) rəsmi sənədlərdə 1978-ci ilin 27 noyabrında siyasi partiya kimi yaradılıb. Sol-mərkəz təmayüllü bu partiya Türkiyədə təsis olunub və yarandığı haqda rəsmi məlumat da yayılıb. Yarandığı vaxtdan da ölkə ərazisində siyasi təbliğatına başlayıb. 1980-ci ilin hərbi çevrilişindən sonra PKK bağlanıb və bütün rəhbərliyi həbsə atılıb. Yalnız partiyanın rəhbəri Abdullah Öcalan və yaxın ətrafı gizlincə ölkəni tərk edərək BƏƏS-in hakimiyyətdə olduğu Suriyada sığınacaq tapıblar.
Türkiyə Milli İstihbarat Təşkilatının sonradan açılmış arxiv materiallarında 1978-ci ildə Kürd Fəhlə Partiyasının (PKK) yaranmasının ideya müəllifinin və sponsorunun Sovet İttifaqı olduğu haqda sübutların olduğu məlum olub. Bu kəşfiyyat materiallarının yalnız türk kəşfiyyatı tərəfindən deyil, eləcə də Türkiyənin ABŞ və NATO üzrə digər müttəfiqlərinin xüsusi xidmət orqanları tərəfindən də əldə edilərək Ankaraya verildiyi iddia olunur. 1980-ci ildə halimiyyəti ələ keçirmiş ordu bu kəşfiyyat materiallarına əsaslanaraq başda Kürd Fəhlə Partiyası olmaqla ölkədə onlarla sol və sağ yönümlü təşkilatın fəaliyyətinə qadağa qoydu. Ən ağır zərbəni PKK yedi. Bütün rəhbərliyi həbs olunan, lideri və ətrafındakı kiçik bir dəstənin ölkəni tərk etməyə məcbur olduğu partiya fürsətdən həmişə çox məharətlə istifadə etməyi bacaran SSRİ DTK-sı tərəfindən silahlı bir terror təşkilatına çevrildi.

1980-ci il xuntasının daxili siyasətini kürdlər əleyhinə repressiya kimi qələmə verən rus propaqandası PKK-nın fanatik tərəfdarlarını Türkiyə dövlətinə qarşı silahlı mübarizəyə qaldırdı. Amma xuntanın siyasəti yalnız PKK-nı deyil, o cümlədən türk milliyətçilərini, dindarları və qeyri mühafizəkar kəsimləri də siyasi qadağalar, həbslər və edamlarla üz-üzə qoymuşdu. 1980-ci ildən sonra onlarla solçu ilə bərabər, onlarla ülkücü, dindar və digər mühafizəkar təşkilatların fəalları da dar ağacından asılmışdı. Xunta bütün siyasi təbəqələri repressiyaya uğrtmışdı. Amma bu siyasət Türkiyəyə düşmən olan dövlətlər, başda SSRİ olmaqla sosialist düşərgəsi, Suriya, İraq, İran və Yunanıstan kimi ölkələrin mətbuatı tərəfindən dünyaya bir kürd qırğını kimi göstərilmişdi.
Türkiyənin inkişafından həmişə narahat olan Suriya, İraq və Yunanıstan isə Sovet İttifaqı dağılana qədər öz ərazilərində PKK terrorçularına təlim keçməkdə, onları silahlandırmaqda davam etdilər. SSRİ-nin dağılması, Qafqazda yaranan münaqişə ocaqları və Rusiyanın bölgəyə artıq iddiali imperiya kimi atılması kürd kartının yenidən oynanılması zərurətini doğurdu. Qafqazda əzəli maraqları olan Türkiyə, İran və Rusiya arasında bir-birinin bölgədəki dayaqlarını dağıtmaq uğurunda didişmə başladı. Rusiyanı zəiflətməkdə maraqlı olan Türkiyə və müttəfiqləri çeçen kartını oynamağa başladılar. Bünövrəsi sarsılan Rusiya isə Ermənistanı silahlandıraraq Azərbaycanın üzərinə hücum etdirdi. Bununla Moskva Türkiyənin regionda əsas dayağı olan Azərbaycanı sarsıtmaq, daha sonra Çeçenistana gələn yardım dəhlizini bağlamaq istəyirdi. Moskvanın ikinci planı Türkiyəyə qarşı ikinci cəbhənin açılması idi. DTK və BKİ-nin nəzarətində olan PKK ikinci cəbhənin açlmasını öz üzərinə götürdü. Terror dalğası 1990-cı ildən sonra bütün Türkiyəni bürüdü. 1992-ci ildə ABŞ-ın İraqı bombalaması ilə nəzarətsiz qalan Şimali İraq bu ildən sonra PKK-nın əsas dayaq zonasına çevrildi.
Elan etdiyi "atəşkəslər"
Araşdırmalar nəticəsində PKK-nın Türkiyəyə qarşı apardığı qanlı terror müharibəsinə beş dəfə qısamüddətli ara verdiyi məlum oldu.

Birinci atəşkəs:
O dövrün arxiv materiallarından məlum olur ki, birinci atəşkəsi PKK 1993-cü il mart ayının 19-da elan edib. Livanının Bekaa əyalətində PKK-nın birtərəfli şəkildə Türkiyəyə qarşı apardığı müharibədə atəşi dayandırdığı haqda xəbəri mətbuata İraqın bugünkü prezidenti Cəlal Tələbani elan edib. Təlabani o dövrlər PKK-nın İraq qolu sayılan Kürdistan Vətənpərvərlər İttifaqının sədri idi. Atəşkəsi mətbuata məhz o açıqlayıb. Toplantıda Öcalan, Tələbani və digər kürd separatçıları iştirak edib. Tələbani atəşkəsin Türkiyənin xahişini nəzərə alaraq elan edildiyini bildirsə də, Ankara tərəfindən bu məlumatı təsdiqləyən olmayıb. Birinci atəşkəs heç bir ay sürməyib. Həmin ilin 15 aprelindən Türkiyə ərazisində yenidən terror aktları törədilib və daha sonra PKK atəşkəsi pozduğunu elan edib.

İkinci atəşkəs:
1995-ci ilin 15 dekabrında elan olunub. O dövr Türkiyənin baş naziri olan Tansu Çillərin Abdullah Öcalana atəşkəs üçün məktub yazdığı bildirilir. "Ergenekon" cinayət işi çərçivəsində gedən istintaq zamanı həbs olunmuş keçmiş türk kəşfiyyatçılarının ifadəsində məktubun olduğu təsdiqlənib. Cinayət işi çərçivəsində ifadı verən Çillərin ifadəsi isə "dövlət sirri" kimi qiymətləndirilərək mətbuata sızdırılmadı. Bu atəşkəs də bir ay davam edib. 15 dekabrda elan olunan atəşkəs 1996-cı ilin yanvar ayının 16-da pozulub. PKK buna səbəb kimi Güneydoğuda bir sərnişin avtobusunun güllə-baran edilməsi ilə əlaqələndirib. Həmin terror aktının PKK tərəfindən həyata keçirildiyi o vaxt yayılan rəsmi məlumatlarda qeyd edilir, amma PKK bu terrorun ordu tərəfindən həyata keçirildiyini iddia edərək özünün elan etdiyi birtərəfli atəşkəsi bir ay sonra pozdu. Həmin ilin may ayında Abdulla Öcalana qarşı həyata keçirilən sui-qəsddən sonra isə PKK-nın terror müharibəsi daha da qızışdı. Kürd terrorçuları qadın-uşaq demədən Türkiyənin şəhərlərində qanı su yerinə axıtmaqda davam etdilər. Sui-qəsdin Türkiyə kəşfiyyatı tərəfindən planlaşdırıldığı bildirilirdi. Həmin dövrdə Avropanın bir çox şəhərlərində gizlənmiş PKK və ASALA terrorçularına qarşı MİT-in "ölüm eskadronun" çox uğurlu əməliyyatlar keçirdiyi bir çox türk rəsmisi tərəfindən də təsdiqlənmişdi. Abdulla Öcalanın məhv edilməsinə qərarın o vaxt verildiyi bildirilir. Sui-qəsdin baş nazir Tansu Çillər, Baş qərargah rəisi Doğan Güreş və dövrün daxili işlər naziri Mehmet Ağar tərəfindən planlaşdırıldığı iddiaları da var. Sui-qəsd nəticəsində Abdulla Öcalan yaralanmışdı. Həmin illərdə Türkiyənin PKK ilə ölkə xaricində mübarizə aparmaq üçün "Kürd Hizbullahı" adlı təşkilat da yaratdığı iddiaları da səslənirdi. PKK-nın Livan, Suriya və İraq ərazisindəki mərkəzlərinə məhz bu təşkilatın hücumlar təşkil edərək Kürd Fəhlə Partiyasının özək rəhbərlərini öldürdüyü də region ölkələrinin xüsusi xidmət orqanlarının mətbuata sızdırdığı xəbərlər sırasındadır.

Üçüncü atəşkəs:
1998-ci ilin 1 sentyabrında baş nazir Nəcməddin Ərbakanın istəyi ilə elan edilmişdi. Bu atəşkəs əvvəlkilərdən uzunömürlü sayılır. Belə ki, Türkiyə Suriyada gizlənən Öcalanın Ankaraya verilməsi üçün Dəməşqə bir ay vaxt verdi və əks təqdirdə müharibə elan edəcəyi ilə hədələdi. 1998-ci ilin sentyabr ayından başlayaraq Suriya sərhəddinə on minlərlə əsgər və külli miqdarda zirehli texnika yığan Türkiyə Baş Qərargahı Öcalanın bu ölkənin ərazisində qalacağı təqdirdə hərbi müdaxiləyə başlanacağını bəyan etdi. Türkiyənin təzyiqlərinə tab gətirməyən Suriya Öcalanı öz ərazisindən çıxardı. Birinci İtaliyaya, oradan Yunanıstana, daha sonra Rusiyaya sığınan Öcalanın səfəri Keniyada başa çatdı. 15 fevral 1999-cu ildə Keniyanın Nayrobi şəhərindəki hava limanında Türkiyə MİT-nın əməkdaşlarına təhvil verilən Öcalan onu gözləyən türk təyyarəsinə mindirilərək İstanbula gətirildi. Bununla da bir ildən çox davam edən atəşkəs yenidən pozuldu.

Dördüncü atəşkəs:
1999-cu il avqust ayının 2-də Türkiyə ərazisindən çıxmaq qərarı alan PKK bu münasibətlə yenidən birtərəfli qaydada atəşkəs elan etdi. Bu atəşkəs beş il davam etdi və terrorun tarixinə ən uzunmüddətli atəşkəs kimi düşdü. Bu atəşkəs 2004-cü ilin 1 iyun tarixinə qədər davam etdi və yenidən PKK-nın terror aktlarına başlaması ilə pozuldu.

Beşinci atəşkəs:
2006-cı il senyabr ayının birində Türkiyədəki kürd ziyalılarının müraciətindən sonra elan olunub. Daha sonra PKK hakim AKP hökumətinin başladığı yeni "barış sürəcini" nəzərə alaraq atəşkəsi 2009-cu ilə qədər uzatmaq qərarına gəldi. Amma 2009-cu ildən sonra Öcalanın azad edilməsini şərt qoyan PKK Türkiyə hökumətindən rədd cavabı alınca terror müharibəsi yenidən alovlandı. Hələ də səngimək bilməyən terror son bir ildə kürd partiyası BDP-nin də cəhdləri nəticəsində Öcalanla həbsxanada aparılan danışıqlardan sonra az da olsa, sakitləşdi.

"Barış sürəci" və ya altıncı atəşkəs


Sadaladığımız faktlara əsasən demək olar ki, Ərdoğanın başladığı "barış sürəcinin" nə ilə nəticələnəcəyini zaman göstərəcək. Amma baş nazirin çox özünə arxayın danışması və əksər politoloqların budəfəki atəşkəsin heç vaxt pozulmayacağı və möhkəm bir sülhə çevriləcəyi haqqında söylədikləri optimist fikirlər ağıllarda sual doğurur. yaşananların mahiyyətinə varsaq, PKK kartının Türkiyədə hakimiyyət uğurunda mübarizə aparan qüvvələr tərəfindən, xüsusən o dövrün üzərində vətəndaş nəzarəti olmayan türk ordusu tərəfindən çox məharətlə daxili siyasi çəkişmələrdə istifadə olunduğunu görərik. Və iddia etmək olar ki, PKK-nın bir terror təşkilatı kimi formalaşmasına vəsilə yaradan 1980-ci il xuntası olub. Daha sonra 1998-ci ildə Ərbakan hökumətinin terrorun kökünü kəsəcəyini görən ordu bu dəfə də təxribatlar törədərək Rifah hökumətini devirdi və terror müharibəsi yenidən başladı. Nəcməddin Ərbakan başda olmaqla Rifah Partiyasının bir çox rəhbərinə "siyasətlə məşğul olma qadağası" qoyuldu. Bütün bunlar orduda kök salmış, ədliyyə, məhkəmə, mediaya orqanlarına nəzarət edən qaranlıq qüvvənin göstərişi ilə edilirdi. Ərdoğanın isə iradə nümayiş etdirərək dövlət içindəki qaranlıq qüvvələri üzə çıxarması, ordu daxilində kök salmış mafiyalaşan anarxist qruplaşmaları zərəsizləşdirilməsi Türkiyəni bir çox sahələrdə dünyanın irəlidə gedən dövlətlərindən birinə çevirdi. Bu siyasi mafiyanın zərərsizləşdirilməsi həmçinin kürd probleminin həll edilməsinə böyük təkan verəcək. Əsas odur ki, artıq siyasi gücü tükənən ateist-sosialist və adını millətçi qoyan bir qrup populist ordunun içindəki mafiyanın köməyi ilə hakimiyyətə gələ bilməyəcək.

P.S.
Dövlət bürdcəsini 20 milyard dollarla təhvil alan Ərdoğan hökuməti bu büdcəni 300 milyard dollara çatdırıb. Türkiyə dünyanın 17-ci böyük iqtisadi gücünə çevrilib. 17 milyrad dollar olan illik ixracat bu gün 100 milyardı keçib. Bu nailiyyətlərə imza atan bir hökumətin kürd problemini həll edə biləcəyi ilk baxışdan inandırıcı görünsə də, konfliktin tarixinə nəzər salmaqda fayda var. Çünki PKK-nın tamamilə zərərsizləşdirilməsi üçün ilk növbədə Rusiyanın, Ermənistanın, Yunanıstanın, Suriyanın və İranın zərərsizləçdiriliməsi, ən azından PKK məsələsində öz siyasətlərini köklü surətdə dəyişməsindən asılıdır. Axı Öcalan özbaşına deyil ki, Türkiyənin düşmənlərinin planını pozsun və türk dövlətinə qarşı qurduqları ən böyük tələni aradan qaldırsın. Əgər Öcalan bunu öz sahiblərindən gizlin edirsə, onda arxasından Allah saxlasın...