
Bidzina İvanişvili: "Saakaşvilinin boş vədlərindən xalq artıq doyub"
Gürcüstanın baş naziri Bidzina İvanişvili Gürcüstan prezidentinin Vilnüs sammiti barədə bəyanatına öz münasibətini bildirib: “Nəyə əsasən prezident belə danışır? Biz Stefan Füle və xarici işlər nazirlərinin çıxışlarını, onların bizə münasibətini gördük. Nəyə əsasən bu insan belə danışır? Niyə heç kimin fikrinə qulaq asmaq istəmir? Əksinə, avrostrukturlarda kimi görürsünüzsə, kimlə danışırsınızsa, hamı razıdır. Sürət artıb, əməkdaşlıq daha da asanlaşıb və hər şey bizim planlaşdırdığımızdan da yaxşı olacaq. Bu təkcə bir nəfərin xoşuna gəlmir. Qoy o, reallığı nəzərə alsın. Boş vədlər artıq xalqa təsir etmir, hətta onun özünə də şəxsən mənfi təsir edir. Qoy hadisələrə daha obyektiv yanaşsın”.
Bidzina İvanişviliyə görə, Avropa İttifaqında Gürcüstana qarşı pozitiv münasibət saxlanılır və ona aydın deyil ki, nəyə əsasən prezident M. Saakaşvili bu cür bəyanatlar verir. Onun sözlərinə görə, Saakaşvilinin boş vədləri ilə xalq artıq doyub və bu cür çıxışlar ancaq prezidentin özünə ziyan verir.
Qeyd edək ki, Mixail Saakaşvili bəyanatında Gürcüstan bundan əvvəlki illərdə Vilnüs sammitinə hazırlıq üçün daha çox imkana malik olduğunu bildirmişdi.