
Ərdəm Gündüz Almaniyanın samballı "М100 Media Award" mükafatına layiq görülüb.
"Gəzi parkı haisələri" aksiyalarının rəmzinə çevrilmiş türk mükafatlandırılıb. Anspress-in verdiyi xəbərə görə, İstanbul sakini Ərdəm Gündüz Almaniyanın samballı "М100 Media Award" mükafatına layiq görülüb.
34 yaşlı Türkiyə vətəndaşı olan xoreoqraf Ərdəm Gündüz Taksim meydanına çıxaraq polisə məhəl qoymadan Atatük mədəniyyət mərkəzi önündə Mustafa Kamal Atatürkün portreti ilə üzbəüz duraraq saatlarla səssiz və hərəkətsiz durduğu vaxtan Türkiyədə məşhur şəxsə çevrilib.
Kənardan seyr edənlərin sözlərinə görə Ərdəm əlləri cibində səkkiz saat yerində tərpənmədən dayanıb. Onun bu hərəkəti cəmiyyətin diqqətini cəlb edib, az vaxt ərzində anoloji etiraz aksiyalarına yüzlərlə şəxs qatılıb.
Susqun və səssiz etirazı ilə o, dünya üzrə keçirilən sülh yolu ilə etiraz hərəkatının simvoluna çevrilib.
Qeyd edək ki, hər il keçirilən "M100 Media Award" mükafatı Almaniya jurnalistləri tərəfindən təqdim edilir. Mükafat “Söz azadlığı və insan haqlarının qorunması uğrundakı səylərinə və cəsarətinə görə” nominasiyasında təqdim edilir. Mərasim təşkilatçıları mükafatlandırma tədbirinin 5 sentyabrda Potsdamda baş tutacağını bildiriblər.
Xatırladaq ki, keçən il "M100 Media Award" mükafatına Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqi layiq görülmüşdü. Ondan əvvəl isə Məhəmməd peyğəmbərin karikaturasını çəkərək cəmiyyətdə böyük rezonansa və müsəlmanların etirazına səbəb olmuş Kurt Uestergard və “Həkimlər Sərhəd Tanımır” təşkilatını təsisçisi Bernar Kuşner mükafatla təltif olunub.
Qaynar.info