"Ermənistanın məqsədi odur ki, Cənubi Qafqazda Rusiya-Türkiyə münasibətini gərginləşdirsin".
Bu sözləri Qaynar.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Ermənistanın Naxçıvanla sərhəddə törətdikləri təxribatın məqsədlərini şərh edərkən deyib.
Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında həm Qarabağ cəbhəsində, həm də Naxçıvan-Ermənistan sərhəddində atəşkəs elan olunub: "Amma Ermənistan öz təxribatlarını davam etdirir. Bu dəfə əsas təxribatı Naxçıvan-Ermənistan sərhəddində edirlər. Bizim üçün Qarabağ və ya Naxçıvanın fərqi yoxdur. Atəşkəs harda pozulursa, orda cavab atəşi olacaq. Ermənistanın məqsədi odur ki, Cənubi Qafqazda Rusiya-Türkiyə münasibətini gərginləşdirsinlər. Çünki 1921-ci il Qars müqaviləsinə görə, Naxçıvanın təhlükəsizliyinə görə Azərbaycanla yanaşı, Türkiyə də məsuliyyət daşıyır".
Politoloq qeyd edir ki, Rusiya bu təxribatlardan Ermənistanı çəkindirməsə, Türkiyə prosesə qarışmalı olacaq. Bu da bölgədə vəziyyəti daha da gərginləşdirəcək.
Qafqaz Rafiqoğlu
Qaynar.info