Xəbər lenti

"Heç vaxt danışılmış matça görə pul almamışam" - Azərbaycan kubokunun qalibi
İdman20:32 16.02.2016

"Heç vaxt danışılmış matça görə pul almamışam" - Azərbaycan kubokunun qalibi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hollandiyanın "Villem II" klubunda çıxış edən vaxt 2009-cu ilin avqustun 9-da komandasının "Utrext"lə oyununun danışılmış matç olmasında günahlandırılmış İbrahim Karqbo təqsirini boynuna almayıb.

Qaynar.info xəbər verir ki, Karqbo əvvəl olduğu kimi ona irəli sürülən ittihamları qəbul etməyib: 

"Mən heç vaxt danışılmış matçda iştirak etməmişəm və heç vaxt buna görə pul almamışam. Hollandiya Kral Futbol Assosiasiyasında (HKFA) olan məktubların əsli polis tərəfindən incələnib. Poçt mən tərəfdən gəlməyib. Bu sadəcə məni tələyə salmaq üçündür".

Onu da bildirək ki, həmin məktublarda Karqbonun sinqapurlu dələduz Uilson Rac Perumalla yazışlamaları əks olunub. O, iyulun 29-da göndərdiyi məktubda "Utrext" - "Villem II" qarşılaşmasında komandasının 2 və ya 3 topdan artıq uduzmasına, bu danışılmış matçda kapitanları Maykel Artsın və başqa komanda yoldaşının ona kömək edəcəyinə söz verib. Bunun üçün o, 3 nəfərə 200 min avro istəyib. Lakin Perumal onun üçün bu qədər pulun çox olduğu və cəmi 75 min avro göndərəcəyini bildirib. Avqustun 14 və 15-də gedən yazışmalarda isə "Utrext" 1:0 qalib gəldiyi üçün Karqboya pul göndərilməyəcəyi qeyd olunub.

Qeyd edək ki, 2010-2013-cü illərdə "Bakı" klubunda çıxış etmiş və 2012-ci ildə Azərbaycan kubokunun qalibi olmuş Karqbonun 2009/10 mövsümündə "Villem II"nin "Ayaks" (0:4) və "Feyenord" (0:1) ilə qarşılaşmalarında da danışılmış oyunda iştirak etməsi ehtimal edilir. 1-ci matçda onun komandası 3, 2-ci oyunda isə 2 top buraxmalı idi. Lakin görünür, "Ayaks"ın hesabı düz gəldiyi üçün yalnız bu oyuna görə onun hesabına pul köçürülüb. Bundan başqa, onun kapitanı olduğu Syerra-Leone millisinin 2009-cu ilin noyabrın 14-də "Villem II" ilə yoxlama matçında da "günah"ının olması istisna edilmir.

Onu da bildirək ki, HKFA bu oyunçunun artıq Hollandiyada nə oynaya biləcəyini, nə də məşqçi kimi çalışa biləcəyini bəyan edib. İbrahim Karqbonun ötən mövsüm Portuqaliyanın "Atletiko" klubunda Amit Quluzadə ilə komanda yoldaşı olduğunu da xatırladaq. Afrikalı müdafiəyəmeyilli oyunçu hazırda klubsuzdur.

Qaynar.info