
"İsgəndər Həmidovun çıxışını eşitməmişəm və orada söhbətin nədən getdiyindən xəbərsizəm".
Qaynar.info-nun məlumatına görə, bunu "Yeni Müsavat" qəzetinə müsahibəsində Milli Şuranın sədri Rüstəm İbrahimbəyov qurumun 22 sentyabrda keçirilən mitinqində narazılıq yaradan İsgəndər Həmidovun çıxışına münasibət bildirərkən deyib. O bildirib ki, Cəmil Həsənlinin, Əli Kərimlinin, İsa Qəmbərin çıxışlarını izləyib: "Çox yüksək səviyyəli çıxışlar idi. Qalan çıxışlarda nə danışıldığını bilmirəm. Mitinq insanların öz fikirlərini geniş kütləyə deyə bilməsi üçün bir imkandır. Üstəlik, mitinqin ovqatı emosional ovqatdı. Mitinqdə bir nəfər hamının yerinə məsuliyyət daşıya bilməz. Hər kəs də öz fikirlərinin məsuliyyətini özü daşımalıdır. Əgər İsgəndər Həmidovun çıxışından narazıdırlarsa, ondan şikayət etməliydilər - Cəmil Həsənlinin burda hansı məsuliyyətindən söhbət gedə bilər? İsgəndər Həmidov Azərbaycan vətəndaşıdır, çıxışı ilə bağlı bir irad varsa, buna özü cavab verməlidir".
Qaynar.info