Aprelin 3-də Ali Məhkəmə “Yeni Müsavat” qəzetinin “Gilan” konserv zavodunun məhkəmə iddiasına qarşı kasasiya şikayətinə baxıb. Hakim Zakir Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə əvvəlki instansiyaların çıxardığı 50 min manatlıq cərimə qərarını qüvvədə saxlayıb. Hakim tərəfləri qısa şəkildə dinləyib və yekunda qərarı dəyişməyib.
Bu barədə “Yeni Müsavat”ın hüquqşünası Vaqif Hüseyn məlumat verib. Onun sözlərinə görə, məhkəmənin çıxardığı cərimənin məbləği ağlabatan olmalıdır: “Kasasiya şikayətinə baxıldı. Hakim tərəfləri qısa dinlədi və öz pleniumun çıxardığı qərarı qüvvədə saxladı. Halbuki, Ali Məhkəmənin 2008-ci il, 8 noyabr tarixli qərarında deyilir ki, cərimələr tətbiq edilərkən bunu cərimələnən tərəfin ödəyə bilməsi nəzərə alınmalıdır. Azərbaycan reallığında hətta kommersiya şirkəti 50 min manat cəriməni ödəyə bilmir, nəinki bir qəzet”. V.Hüseyn bundan sonra qərardan Avropa Məhkəməsinə şikayət olunacağını qeyd etdi.
Bununla da daha bir oliqarx-nazir “Yeni Müsavat” qəzetini ağır məbləğdə cərimələtdirdi.