
Dekabrın 14-də ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb və proqnozlaşdırıldığı kimi, FES uçot dərəcəsini 0,5-0,75% artırıb.
Təbii ki, FED-in uçot dərəcəsini artırması dünya ölkələrinin milli valyutasına da təsirsiz ötüşməyəcək. Belə olan halda, hər gün dollar qarşısında ucuzlaşmaqda olan manata FES-in qərarı necə təsir edəcək?
Bu barədə Qaynarinfo.Az-a açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, FES-in açıqlaması "qara bazar"a təsirsiz ötüşməyib:

"Azərbaycan Mərkəzi Bankı FES-in uçot stavkasının artırmasının valyuta bazarımıza təsir etməyəcəyini bildirsə də, okeanın o biri üzündə qəbul edilən qərar yenidən Bakıda dollar qıtlığı yaradıb. Nəticədə, FES-ın qərarından öncə “qara bazar”da 1 dollar 1.83 manata satılırdısa, artıq 1 ABŞ dolları üçün 1 manat 90 qəpik ödəmək lazımdır. Bu isə o deməkdir ki, FES-in qərarından sonra “qara bazar”da milli valyutamız hər 100 dollarda 7 manat ucuzlaşıb".
Vüqar Bayramov həmçinin qeyd edib ki, Mərkəzi Bank banklarda dolların satışının bərpasına nail olmalıdır, əks halda, dollar qıtlığı manata psixoloji təzyiqi daha da gücləndirəcək:
"Bankların böyük əksəriyyəti valyuta satışını dayandırdığı üçün aydındır ki, onların elan etdiyi kurs real məzənnə deyil və müqayisə predmeti ola bilməz. Əvvəllər bildirdiyim kimi, "qara bazar"ın ləğvi banklarda dollar satışının tam və fasiləsiz bərpası nəticəsində baş verməlidir. Bu isə o deməkdir ki, FES qərarından sonra və xüsusən də son günlər valyuta bazarında dolların manata nisbətən bahalaşması fonunda Mərkəzi Bank banklarda dolların satışının bərpasına nail olmalıdır. Əks halda, dollar qıtlığı manata psixoloji təzyiqi daha da gücləndirəcək".
Pərvin Zeynal
Qaynarinfo.Az