
"Milli Şuranın dünən keçirilən növbəti sessiyası məni qane etmədiyindən istefa verdim"
Bunu Qaynar.info-ya açıqlmasında "EL" Hərəkatının İdarə Heyətinin üzvü Köçəri Nağıbəyli dünən Milli Şuradan istefa verməsinin səbəblərini açıqlayarkən deyib.
Köçəri Nağıbəyli bildirib ki, Milli Şuranın dünən keçirilən iclasının gedişatı onu qane etmədiyindən istefa verib: ""El" Hərəkatı öz qurultayına hazırlaşır, mən də təşkilatı işlərə cavabdeh adam kimi düşünürəm ki, bu işlərə vaxt ayırsam, daha yaxşı olar. Həmçinin Milli Şura mənim üçün bitmiş bir yerdir. Bununla bağlı da geniş açıqlama olacaq, o zaman daha ətraflı danışacağıq".
"Milli Şuradan istefa verdikdən sonra Eldar Namazovla hansısa danışığınız olubmu" sualını cavablandıran Köçəri Nağıbəyli bu barədə heç nə danışmadıqlarını deyib: "Eldar Namazov Azərbaycan siyasətçiləri sırasında olan ağıllı adamlardan biridir. Eldar Namazov bizim təşkilatda hər kəsə seçim azadlığı verib. Təbii ki, mən də müstəqil bir şəxs olaraq öz fikrimi ifadə etmişəm. Mənimlə yanaşı, hərəkatda təmsil olunan digər şəxslər də bu baxımdan müstəqildilər. Eldar Namazov əvvəlcədən hər kəsə bildirmişdi ki, "EL" Hərəkatı təşkilat kimi Milli Şurada iştirak etmir, heç vaxt da iştirak etməyəcək. Hər kəs fərdi qaydada ora üzv olub, fərdi qaydada da ordan istefa verə bilər".
Xatırladaq ki, Milli Şuranın dünən keçirilən növbəti iclasından sonra "EL" Hərəkatının İdarə Heyətinin üzvü Köçəri Nağıbəyli və Rahim Bağırov birliyi tərk ediblər.
Elkin Xəlilov
Qaynar.info