"Böhtanları müxalifətdəki hökumət adamları yayırlar"Qaynar.info tanınmış kinorejissor, Milli Şura ideyasının yaradıcısı Rüstəm İbrahimbəyovun bizimyolinfo.com-a verdiyi müsahibəni təqdim edir:
- Rüstəm müəllim, Sizin təklif etdiyiniz Milli Şura ideyası birmənalı qarşılanmır. Belə rəylər var ki, ideya Kreml tərəfindən irəli sürülüb. Bu barədə nə deyə bilərsiniz?- Əlbəttə, bunlar hamısı yalan və şayələrdir. Milli Şura heç bir şəxslə bağlı deyil və qurumu mən yaratmıram. Şuranı Müsavat, AXCP, EL hərəkatı və başqa partiyalar yaradır. Əgər bu işi görsələr, özləri edəcəklər, bunu özləri bilər. Mənim bu barədə yalnız ideyam var, mən demişəm ki, bizə Milli Şura lazımdır. Amma prosesdə iştirak etmirəm, özləri müzakirə edirlər. Sualının məğzinə bir daha qayıdaq, kim ki Milli Şuranın yaranmasını istəmir, orada axtarmaq lazımdır bu şayiələri gündəmə gətirənləri. Əslində, bu şayiələri ictimai rəyə təqdim edənlər ideyanın gerçəkləşməməsində maraqlıdırlar. Mən onların məqsədlərini bu cür izah edərdim. Amma bir daha təkrar edirəm, mən bu prosesdə iştirak etmirəm, partiyalar özləri müzakirə edirlər, kim Milli Şuraya hansı prinsiplərlə daxil olacaq, mən bu gün (dünən) yayacağım bəyanatımda hər şeyi aydın göstərəcəyəm.
- Bu barədə partiya liderləriylə söhbət etmisinizmi?
- Mən bu barədə heç nə deyə bilmərəm, çünki mən xaricdəyəm, Siz isə Bakıdasınız. Ona görə Sizdən məsələnin nə yerdə olduğunu soruşmalıyam. Çünki mən prosesdə iştirak etmirəm, bəli, ideyanın müəllifiyəm və tərəfdarıyam. Düşünürəm ki, yeganə ümid yeri Milli Şuradır, əgər partiya liderləri bir-biriylə “dil tapıb” Milli Şuranı yaratsalar, yaxşıdır. Mən özüm də tərkibinə baxacam, görsəm ki, doğrudan da Şurada hörmətli, inamlı adamlar var, özüm də iştirak edəcəyəm. O ki qaldı mənim Milli Şuranın sədri olmaq istəyimə, yaxud prezidentliyə namizədliyim, bunlar yalan və böhtandır. Bu barədə məlumatları hakimiyyətin tərəfdarları yayırlar. Partiyaların daxilində hakimiyyətin tərəfdarları var, böhtanlar da onların əməlləridir.
- Ümumiyyətlə, Milli Şura ideyasının Kremldən gəlməsi barədə fikirləri necə qiymətləndirirsiniz?- Lap mən söyləsəm ki, ideya Moskvadan gəlib, heç inanarsınızmı?
- Xeyr!- Bu məlumatları Milli Şuranın yaranmasını istəməyənlər yaya bilər. Əslində, bu cür fikirlər mənə söyüşdür, necə ola bilər ki, bir xalqın Milli Şura ideyası kənardan gəlsin və məqsəd nədir? Bir daha deyirəm, Milli Şuranı müxalifət özü yaradır və hələlik 3-4 nəfər prosesdə iştirak edir. Müsavat, AXCP, EL, mən biləni bu təşkilatlar arasında müzakirə gedir. Əgər bu təşkilatlar Rusiyayla bağlıdırsa, deməli, ideya da Moskvadan gəlir.
- Siz ALP lideri Lalə Şövkət və eks-spiker Rəsul Quliyevin Milli Şurada olunmasını istəyirsinizmi?- Mütləq, eyni zamanda, başqa partiyaları və hüquq müdafiəçiləri də Milli Şurada olmalıdır. 3 təşkilat necə Milli Şurada ola bilər?
- Azərbaycana nə zaman qayıdacaqsınız?- Hazırda Bakıda işim yoxdur, Moskvada film çəkilişləriylə məşğulam. Kinematoqrafçılar İttifaqının fəaliyyətinə imkan vermirlər, başqa işlərim də yoxdur. Milli Şura yaransa, Bakıya gələrəm.
Qaynar.info