
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində köhnə qitədə daha bir neçə oyun keçirilib.
Qaynar.info xəbər verir ki, qonşu Gürcüstan millisi iyulda "Qəbələ"nin Tiflis "Dinamo"su ilə oynadığı stadionda Şotlandiyaya 1:0 hesabı ilə qalib gəlib.
Bu matçda Bakı "İnter"inin futbolçuları - Zurab Xizanişvili və Nika Kvekveskiri ehtiyatda qalıb. Ancaq "İnter"in sabiq üzvləri olan Aleksandr Amisulaşvili və Georgi Novalovski 90 dəqiqə meydanda olublar. Bu qələbə "İnter"in keçmiş baş məşqçisi Kaxaber Tsxadadzeyə rəsmi oyunda ilk xalları qazandırıb.
Kopenhagendə isə Albaniya millisi ev sahibi Danimarkaya uduzmayıb - 0:0. "Qarabağ"ın sol cinah müdafiəçisi olan Ansi Aqolli yenə 90 dəqiqə meydanda olub. O, 32-ci dəqiqədə Lars Yakobsenlə dalaşdığı üçün şotlandiyalı referi Uilyam Kollam tərəfindən sarı vərəqə ilə cəzalandırılıb.
Qaynar.info