Xəbər lenti

"Quran" hansı dildə oxunmalıdır? - Quran tərcüməçisi şəhr edir
Ölkə08:52 04.02.2014

"Quran" hansı dildə oxunmalıdır? - Quran tərcüməçisi şəhr edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Parlamentin dünənki sessiyasında spiker Oqtay Əsədov çıxış edərək din xadimlərini "Qurani-Kərimi" məclislərdə Azərbaycan dilində oxumağa çağırıb.
Oqtay Əsədovun fikrincə, Quranı Azərbaycan dilində də oxumaq lazımdır. Bu məsələ ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məşğul olacaq, - deyə o qeyd edib.
Məsələ ilə bağlı Quranı Azərbaycan dilinə tərcümə edən şərqşünas alim Nəriman Qasımoğlunun fikirlərini öyrəndik. N. Qasımoğlu Qaynar.info-ya açıqlamasında bildirdi ki, bu daha çox Quranın necə oxunmasından asılıdır: "Ümumiyyətlə, ibadətlərdə, dinin təbliğində ana dilinin işləkliyinə üstünlük vermək lazımdır. Məsələn, dinimiz əsasən yas məclislərində təbliğ olunduğuna görə bu tədbirlərdə oxunan quran ayələrinin tərcümələri mütləq səsləndirilməlidir. Əks təqdirdə ayələr anlaşılmaz olar. Söhbət "Quranı Kərimin" avazla Azərbaycan dilində oxunmasından getmir. Quranın ənənəvi avazı ərəb dilinə biçildiyinə görə Quranın ana dilimizdə səsləndirilməyini qiraət təriqi ilə həyata keçirmək olar. Ənənə xatirinə bir neçə ayəni ərəbcə oxumaq olar. Amma onu dərhal saxlamalıdılar, çünki heç bir əhəmiyyəti yoxdur. Ardınca isə ayələri tərcümədə çatdırmaq lazımdır. Avazla oxunmamış ayələri də nəzərdə tuturam. Bu məsələ dövlət səviyyəsində səsləndirilirsə, bunu ancaq alqışlamaq olar". 
N. Qasımoğlu eyni zamanda bildirdi ki, Quranı Azərbaycan dilində maarifləndirici formada oxumaq, onu avazla ərəb dilində oxumaqdan daha vacibdir: “Öncə dəqiqləşdirmək lazımdır ki, Oktay Əsədov hansı oxunuşu nəzərdə tutub? Bax məsələ bundadır. Təklif əhatəli deyil. Söhbət qiraətlə oxunuşundan gedirsə, əlbəttə, onu olduğu kimi çatdırmaq lazımdır. Yaxşı tərcümələri çatdırmaq lazımdır, açıqlamaları çatdırmaq lazımdır. Bunlar hamisi fayda verən məsələdir, insanlar ərəb dilində zatən heç nə başa düşümürlər".
Qeyd edək ki, Nəriman Qasımoğlu 1995-ci ildə "Namaz"ın Azərbaycan dilində qılınmasını təklif etmişdi. Onun bu təklifi həmin vaxt böyük müzakirələrə səbəb olmuşdu.
Pərviz Əzimov
Qaynar.info