
"Mənim Müsavatı və ya hansısa başqa partiyanı hədəfə götürməyim cəfəngiyatdır. İkincisi Milli Şuranın üzvü olmayanların belə qurumun strukturu ilə bağlı təkliflər irəli sürməsi çox müsbət bir haldır. Deməli, Milli Şuraya cəmiyyətdə maraq çoxdur".
Bu sözləri Qaynar.info-ya açıqlamasında Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov Əhrar Partiyasının sədri Vaqif Hacıbəylinın onunla bağlı səsləndirdiyi ittihamlara cavab verərkən deyib.
E. Namazov bildirdi ki, Vaqif Hacıbəylinin ittihamları ehtimal ki onun bir neçə gün öncə verdiyi və bir neçə saytda yayımlanan müsahibəsi ilə bağlıdır: "Mən o müsahibədə dediyim sözlərin arxasında dayanıram və insanlara təklif edirəm ki, müsahibəni yenidən oxusunlar".
Qeyd edək ki, Vaqif Hacıbəyli facebook sosial şəbəkəsindəki profilində status yazaraq Eldar Namazovun Milli Şura rəhbərliyindən kənarlaşdırılmasını tələb etmişdi: "Milli Rəsul Quliyevin Milli Şuraya yönəlik sistemli böhtan və iftira kampaniyası Eldar Namazovu qətiyyən narahat etmir. Verdiyi müsahibədən də aydın olur ki, onun da hədəfi Rəsul Quliyev kimi Müsavatdır. Bu halda Eldar Namazovun Milli Şuranın icra orqanına rəhbərlik etməyə mənəvi haqqı varmı? Mənə elə gəlir ki, Milli Şuradakı sağlam qüvvələr bir çox digər aktual məsələlər kimi bu məsələyə də növbəti sessiyada aydınlıq gətirməyi bacaracaqlar”.
Pərviz
Qaynar.info