
"Biz İlqar Məmmədov və Tofiq Yaqublunun azadlığa çıxması ilə üçün işlərimizi davam etdiririk".
Bunu Qaynar.info-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
N.Cəfəroğlu bildirib ki, bu istiqamətdə beynəlxalq təşkilatlarla, yerli dövlət orqanları ilə intensiv görüşlər keçirilir: "Daxili işlər naziri Ramil Usubovla görüşəndə sual verdik ki, İlqar Məmmədov və Tofiq Yaqublu İsmayıllıda saxlanılmışdı, onlar hər hansı iğtişaşa yol açmışdılarsa, niyə sonradan azad edildilər? Onlar Bakıya gəldikdən sonra niyə həbs edildilər? Nazir də cavabında dedi ki, onların işi ilə bağlı istintaq aparılır, istintaq yekunlaşdıqdan sonra hər şey aydın olacaq. Beynəlxalq təşkilatlar, səfirliklər onların həbsini təəccüblə qarşılayırlar. Beynəlxalq qurumlar da onların azadlığa çıxması üçün ciddi işləyirlər".
Hüquq müdafiçəsi hesab edir ki, Tofiq Yaqublu və İlqar Məmmədov yaxın zamanda azad ediləcək: "Proseslər onu göstərir ki, həbs olunan şəxslər azad ediləcəklər. İnanmıram ki, onlar seçkilərə qədər həbsxanada qalsınlar".
Qeyd edək ki, Müsavat Partiyasının başqanının müavini Tofiq Yaqublu və ReAl Hərəkatının sədri İlqar Məmmədov Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham olunaraq barələrində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.
İlkin