
"Əgər Ermənistan buradan hərbi və ya hər hansı bir məqsəd üçün istifadə edəcəksə, həmin uçuş zolağı vurulmalıdır".
Arqument.Az xəbər verir ki, bunu "Real söhbət" proqramındakı debatda Respublikaçı Alternativ Hərəkatının (REAL) İdarə Heyətinin üzvü Azər Qasımlı deyib.
Qeyd edək ki, debatda hərbi-ekspert Üzeyir Cəfərov və REAL İdarə Heyətinin üzvü, politoloq Azər Qasımlı iştirak edib.
"REAL söhbət"də hərbi ekspert Üzeyir Cəfərov Azərbaycan Ordusu tərəfindən vurulan erməni helikopterini işğalçı ölkənin növbəti təxribatı adlandırıb.
Onun sözlərinə görə, erməni helikopterinin Azərbaycan torpağında hərbi təlim və uçuş keçirməsi qanunsuzdur. Ona görə də Azərbaycan tərəfi təcavüzkar ölkənin bu təxribatına və işğalçılıq siyasətinə haqlı cavab verib.
Hərbi ekspert həmçinin beynəlxalq təşkilatları, ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kasprşiki sərt tənqid edib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar münaqişənin həll olunmasında maraqlı deyillər: "Şəxsən mən olsaydım, Kasprşiki həmin bölgəyə buraxdırmazdım. Nə xeyri dəyib onların bizə? Erməni helikopterinin Ağdamda nə işi vardı ki, orda vurulsun?".
Politoloq Azər Qasımlı isə bildirib ki, Azərbaycan Ordusu Ermənistanın qondarma Dağlı Qarabağ Respublikasında inşa etdikləri Xankəndi aeroportu nəzarətdə saxlanılmalı, düşmənin bu uçuş zolağından hərbi məqsədlər üçün istifadə etdiyi təqdirdə sözügedən obyekt vurulmalıdır: "Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Ona görə də mən hesab edirəm ki, əgər Ermənistan buradan hərbi və ya hər hansı bir məqsəd üçün istifadə edəcəksə, həmin uçuş zolağı vurulmalıdır".
Qaynar.info