
“Şərq-Qərb Araşdırmalar Mərkəzinin” rəhbəri Ərəstun Oruclu Özbəkistanda yaranmış vəziyyətlə bağlı Qaynarinfo.Az-a açıqlama verib.
Politoloq bildirib ki, İslam Kərimovun haqqında yayılan rəsmi məlumatlar tam etimad yaratmır:"İslam Kərimovun ən azı vəziyyəti ağırdır və faktiki olaraq dövləti idarə etmək iqtidarında deyil . Yəqin ki, varis məsələsi həll olunur, ona görə də onun haqqında verilən rəsmi məlumatlar etimad doğurmur. Dünya mətbuatında yayılan məlumatlar budur ki, İslam Kərimov həyatda yoxdur. Özbək mətbuatı isə çox ehtiyatlı şəkildə, orta səviyyəli, bəzən də orta səviyyədən aşağı məmurların dilindən qeyri-peşəkar təkziblər yayır. Ölkədə prezidentin öldüyü haqda məlumat yayan şəxslər həbs olunur. Bu da onun göstəricisidir ki, hakimiyyət daxilində ciddi parçalanma var".

Ərəstun Oruclu
Politoloq xatırladıb ki, Özbəkistanda əsas iki klan ənənəvi olaraq hakimiyyət uğrunda mübarizə aparıb: "Biri Daşkənd, digəri isə Səmərqənd klanıdır. Hazırda Səmərqənd klanı hakimiyyətdə sayılır. Amma hakimiyyət daxilində müəyyən mənada Daşkənd klanının da maraqları təmin olunub. Görünən odur ki, indi bu klanlar arasında mübarizə yenidən qızışıb. Amma istənilən halda Özbəkistan elə bir ölkədir ki, orada hakimiyyətdə kimin olacağı ilə bağlı son sözü böyük dövlətlər deyəcək. Yəqin ki, bu, əsasən Rusiya olacaq”.
Ə.Oruclu qərbin Özbəkistandakı proseslərə təsir etmək imkanının olmadığını deyib: "Qərblə Özbəkistanın elə də yaxın ənənəvi münasibətləri yoxdur. Qərb bu məsələrə təsir etmək iqtidarında deyil. İndiki halda da müəyyən təsiri ola bilər, amma istənilən halda həlledici qərarı Rusiya verəcək".
Politoloq deyib ki, Özbəkistanda hakimiyyətə gətiriləcək şəxsin konkret olaraq kim olacağı maraqlı deyil:"Klan maraqları önəmlidir. Rusiya çalışacaq ki, hər iki klanın maraqlarının təmin olunduğu bir hakimiyyət olsun. Əks təqdirdə bu, böyük destablizasiya mərkəzinə çevrilə bilər".Ə.Oruclu dissident Məhəmməd Salehin ölkəyə qayıdaraq, siyasi mübarizəyə qol qoymasını inandırıcı olmadığını düşünür:"Hansısa dissidentin bu ölkəyə qayıdıb, hakimiyyətə gəlməsini mümkün saymıram. Onlar ölkədən çoxdan qovulublar, Kərimov rejiminin son 15 ildə faktiki olaraq heç bir opponenti olmayıb. Ona görə də bu, istisna olunur".
Qızılgül