Ötən həftə Stokholmda Quranı yandıran və İslam dünyasında qəzəb doğuran iraqlı qaçqın Salvan Momika ölüm təhdidləri səbəbindən gizləndiyini iddia edir.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Aftonbladet"ə
müsahibəsində bildirib.
Stokholmda Quranı yandıran Momika hazırda polisin himayəsi altında yaşayır və minlərlə ölüm təhdidinə məruz qaldığını iddia edir. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərinə görə o, telefondan belə istifadə edə bilmir:
"Sosial şəbəkələrdə minlərlə zənglər, mesajlar və ölüm təhdidləri aldım. İsveçdən, Avropadan və xaricdən mənə zəng etdilər, hamı Quranı yandırdığım üçün başımı kəsəcəklərini vəd etdi".
O, əlavə edib ki, bu əməlindən peşman deyil və bu, məhkəmənin icazəsi ilə baş verib, bununla İsveçin NATO-ya üzv olmasını çətinləşdirdiyinə inanmır.
Nifrətin yayılmasında ittiham olunan Momika bütün ittihamları kəskin şəkildə rədd edir və məhkəmədə özünü müdafiə etməyə hazırlaşır. Eyni zamanda o, artıq Quranı yandırmağı planlaşdırmadığını etiraf edib.
Xatırladaq ki, ötən həftə İraqdan olan qaçqın Stokholmda Quranı yandırıb. Yanvarda Türkiyə səfirliyi qarşısında müsəlmanların müqəddəs kitabının yandırılmasından sonra İsveç apellyasiya məhkəməsinin polisin Quran yandıran etiraz aksiyalarına qoyduğu qadağanı rədd etməsindən iki həftə sonra aksiyaya icazə verilib.
İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Mərakeş kimi ölkələr Quranın yandırılması hadisəsinə etiraz olaraq İsveç səfirlərini çağırıb.
İran isə İsveçə yeni səfir göndərməkdən çəkinəcəyini bildirib.
Nizami Bağırov