Xəbər lenti

Quterreşin sözləri İsraili qəzəbləndirdi: BMT nümayəndələrinə viza verilməyəcək
Dünya08:38 25.10.2023

Quterreşin sözləri İsraili qəzəbləndirdi: BMT nümayəndələrinə viza verilməyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
BMT Baş katib Antonio Quterreşin HƏMAS-ın İsrailə qarşı qəddar hücumuna haqq qazandıra biləcək açıqlamalarından sonra İsrail BMT rəsmilərinə viza verməkdən imtina edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə  "The Times of İsrael” İsrailin BMT-dəki səfiri Gilad Erdana istinadən məlumat yayıb.  
"Onun (Quterreş - red.) bəyanatlarına görə biz BMT nümayəndələrinə viza verməkdən imtina edəcəyik”, - deyə Erdan bildirib.
O qeyd edib ki, İsrail artıq baş katibin humanitar məsələlər üzrə müavini Martin Qriffitsə viza verməkdən imtina edib və əlavə edib ki, "onlara dərs verməyin vaxtıdır”.
Xatırladaq ki, dünən Nyu Yorkda BMT Təhlükəsizlik Şurasının İsraildəki vəziyyətlə bağlı iclası keçirilib. İclasda çıxışı zamanı Quterreş bildirib ki, terror aktı İsrailin işğalı, qəsəbə tikintisi, iqtisadi blokada və evlərin dağıdılması nəticəsində baş verib.
O, həmçinin HƏMAS silahlılarının hücumuna cavab olaraq xüsusi əməliyyat zamanı İsraili beynəlxalq hüququ pozmaqda ittiham edib və atəşkəsə çağırıb.
"Mən Qəzzada müşahidə etdiyimiz beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasından dərin narahatam. İcazə verin açıq deyim: silahlı münaqişənin heç bir tərəfi beynəlxalq humanitar hüquqdan üstün deyil", - o deyib.
Eyni zamanda, BMT-nin baş katibi HƏMAS yaraqlıları tərəfindən oktyabrın 7-də İsraildə törədilən "dəhşətli və görünməmiş terror aktını” pisləyib və qeyd edib ki, heç bir şey mülki şəxslərin qətli və oğurlanmasına haqq qazandıra bilməz.
Bu sözlərə cavab olaraq Erdan bildirib ki, BMT baş katibi "reallıqdan uzaqdır” və onun bəyanatı terrora bəraət qazandırır. O, həmçinin Quterreşi istefaya çağırıb.
"Uşaqların, qadınların və qocaların kütləvi şəkildə qətlə yetirilməsi kampaniyasına rəğbət bəsləyən BMT-nin baş katibi BMT-yə rəhbərlik etməməlidir. Mən onu dərhal istefaya çağırıram. İsrail vətəndaşlarına və yəhudi xalqına qarşı törədilən vəhşiliklərə rəğbət bəsləyənlərlə danışmağın heç bir əsası və mənası yoxdur. Sadəcə sözüm yoxdur”, - o, "X” sosial şəbəkəsində yazıb.
İsrailin xarici işlər naziri Eli Koen də Quterreşin sözlərinə belə cavab verib: "Cənab baş katib, siz hansı dünyada yaşayırsınız? Təbii ki, ora bizim dünyamız deyil".
O, həmçinin Quterreşlə planlaşdırılan görüşü də ləğv edib.
Nizami Bağırov