
Məşhur alim «Nobel»ə təqdim olunmuş kitabı haqda danışır
Ziyalılar Forumunun üzvü, professor Rafiq Əliyevin yeni kitabı dərc olunub “Fundamentals of the Fuzzy-LogicBased Generalized Theory of Decisions”. Kitabda təqdim olunan nəzəriyyə ilə Rafiq Əliyev elmi yaradıcılığı boyu təklif etdiyi 5-ci nəzəriyyəyə imza atıb. Alimin sözügedən kitabı Nobel mükafatı almağa şanslı bir nəzəriyə kimi qəbul olunur.
Dünya şöhrətli alim Lütfüzadə R.Əliyevin yeni nəzəriyyəsini dünya elmində olduqca mühüm mərhələ adlandırıb və azərbaycanlı elm adamının bu kitaba görə Nobelə layiq görüləcəyinə əmindir. Kitabda professor R.Əliyevin yaratdığı 5 nəzəriyyənin daha təkmil formaları öz əksini tapıb. Mürəkkəb sistemlərdə koordinasiya nəzəriyyəsi; qeyri-səlis biliklərə söykənən intellektual robotlar nəzəriyyəsi; ALI-1, ALI-2, ALI-3, ALI-4 qeyri-səlis məntiqləri (müəllifin soyadının ilk 3 hərfi) və hibrid soft komputing sistemləri Rafiq Əliyevə dünya şöhrəti qazandırıb. Professorun nəzəriyyələrinin hamısı dünyanın müxtəlif dillərində dərc olunub və müxtəlif ölkələrdə öyrənilir, tədris və tətbiq olunur. Lakin yeni kitab azərbaycanlı alimin nəzəriyyəsini dünyanın elmi mərkəzləri tərəfindən daha dərindən tətbiqinə səbəb olacaq. Professor R.Əliyevlə onun doğum günü ərəfəsində Azərbaycan elmini dünyada tanıdacaq kitabı barədə ölkənin aparıcı qəzetlərinin yazarları ilə birlikdə söhbət elədik.
- Rafiq müəllim, kitabınızın əsas qayəsi nədən ibarətdir?
- Əvvəla onu bildirim ki, kitab beynəlxalq elmi nəşriyyat olan “Springer”də çap olunub və saytda da kitabın ABŞ, Böyük Britaniya və Almaniyanın birgə çap etdiyi göstərilib. Kitab ingilis dilindədir. Nəzəriyyə belə adlanır: qeyri-səlis məntiqə söykənən ümumləşmiş qərar qəbul etmə nəzəriyyəsi. Ümumilləşmiş deyəndə, nobelçilər van Neumann-Morgenstern, Kahnemanın baxışları bu nəzəriyyənin xüsusi halı kimi isbat olunub. Yəni xüsusi hallarda bu nəzəriyyədən o nəzəriyyələr alınır və bu, daha ümumi, həm də real həyata yaxın baxışdır. Nəzəriyyənin əsas qayəsi odur ki, insan, ya da insan kollektivi, qrupu qərar qəbul edəndə, o, hansı informasiyaya söykənir, ikincisi, qərar qəbul edən insanın xüsusiyyətləri necədir, nə cür insan, yaxud nə cür kollektivdir? Adlarını xatırlatdığım alimlər həmişə qəbul ediblər ki, iqtisadi, yaxud siyasi, hərbi sistem olsun, bu proseslərdə olan bütün informasiyanı tam şəkildə bilirlər. Məsələn, sabah havanın temperaturu +18,5 dərəcə olacaq deyirdilər, bunun da ehtimalı 70,5 faizdir, ancaq bunu Allahdan başqa heç kim bilə bilməz. Xüsusən gələcəklə bağlı iqtisadi məsələlərlə bağlı dəqiq proqnoz vermək mümkün deyil. Iqtisadi vəziyyət sabit, ya qeyri-sabit olacaq? Bunu dəqiq bilmək mümkün deyil. Bütün bu nəzəriyyələrin hamısında deyilir ki, məsələn, ABŞ iqtisadiyyatı 98,5 faiz ehtimalla artan olacaq. Bəs 98,5 faizi hardan götürürdülər? Rəqəmlə hesablamaq asan olduğundan bu cür təqribi götürürdülər, onlar bütün informasiyanı, hətta ehtimalı da bildiklərini deyirdilər. Bizim nəzəriyyədə isə klassik ehtimal deyil, Kormaqarov ehtimalı, Laplaster ehtimalı deyil. Bizdə qeyri-dəqiq ehtimaldır. Dünyada hər bir ehtimalın dərəcəsi var, o da təbii dildə sözlə ifadə oluna bilər, rəqəmlə bunu heç kim edə bilməz. Burada qiymətlər linqivistik yazıla bilər.
Əsas qayələrindən biri odur ki, onlar hər bir informasiyanın perfekt olduğunu götürürdülər, bizim nəzəriyyədə isə bu informasiyalar imperfektdir. Mən bilmirəm nə dərəcədədir, ancaq təbii dildə sözlə deyə bilərəm ki, artan olacaq, yaxud çox yüksək artan olacaq, yəni təbii dildə informasiya verilsə də, qeyri-dəqiq verilir. Real həyat da qeyri-dəqiqdir, dəqiq bir həyat yoxdur. Klassik nəzəriyyələrdən fərqli olaraq bizim nəzəriyyədə birincisi götürülən informasiya perfekt yox, inperfektdir, rəqəmlərlə yazıla bilmir. Ümumiyyətlə, informasiyanın 4 ümumləşmə dərəcəsi var: birinci, rəqəmlə verilən informasiya, məsələn, sabah havanın temperaturu +7,5 dərəcə olacaq, sonra gördülər ki, bunu Allahdan başqa heç kim bilməz, 6-9 arasında dərəcə olacaq deyə bildirdilər. Bu, ikinci səviyyədir, heç olmasa interval, əfsuslar ki, Azərbaycanda bu sahə inkişaf etməyib, söhbət interval riyaziyyatından gedir. Üçüncü səviyyə də var. Bax, deyəndə ki, havanın temperaturu 6-9 arasında olacaq, ortada ehtimal daha çoxdur, nəinki kənarlarda. Bu, informasiyanın verilməsində üçüncü fazadır - qeyri-səlis ədədlərlə. Dördüncü faza isə budur: hər bir informasiyanın, istəyir rəqəm, istəyir interval, istəyir qeyri-səlis ədəd şəklində verilsin, onun dürüstlük dərəcəsi var. Ona görə hər bir ədədin yanında dürüstlük dərəcəsi qoyulur, yəni bu rəqəmə nə qədər inanmaq olar. Burada etibarlılıq dərəcəsi əsas götürülür. Bu rəqəmə nə qədər inanmaq olar? Sadə bir misal, bu suala düzü, özüm də cavab verə bilmirəm. Deyək ki, sizə belə bir təklif var: 98 faiz ehtimalla 90 manat verirlər, amma 91 faiz ehtimalla 100 manat. Hansı alternativi qəbul edərsiniz?
- Yəqin ki, ehtimal çox olanı...
- Yox, düşünün, ehtimalı çox olsa da, miqdarı azdır. Onu necə hesablayarsınız, niyə 100 manatı 91 faizlə götürmürsünüz? Baxın, biz bunu hələ hesablaya bilmirik. “Zet” ədədlər ki, (Zadənin adından götürülüb - R.Ə.) var, Zadə həmin nəzəriyyəni mənə ithaf edib, bir yerdə işləsək də, hesablaya bilmirik. Hesablayıram, amma insan daha düz deyir, necə ki, söylədiniz. Bununla belə necə hesabladığınızı sual etsəm, deyə bilməyəcəksiniz. Burada vurma, bölmə yoxdur. Sadəcə olaraq, öz ehtimalınızı dediniz.
- Burda intuisiya, determenizm yoxdurmu?
- Əslində, determenizm yoxdur, olsaydı, çox asan hesablamaq olardı.
- Biz daha gerçək olan təklifi qəbul etdik...
- O zaman məsələni belə qoyurlar: 97,5 faizlə 100 manat verirlər, hansını götürürsünüz?
- Bu, bir az qəliz oldu.
- Bəli. Bu, dördüncü abstraksiyada olan informasiyanın işlənmə nəzəriyyəsi yoxdur. Amma insan bunu edə bilir. Bu kitabda da ən əsas qayə odur ki, klassiklər hər şeyi 100 faiz bildiklərini deyirdi. Ancaq mən deyirəm ki, bilmirsən, biz hətta intervalı da güclə hesablayırıq. Nəzəriyyənin ikinci və ən vacib qayəsinə gələk: yalnız psixoloq Kahneman qeyd edib ki, adam qərar qəbul edəndə onun bir xüsusiyyətini nəzərə almaq lazımdır. Riyazi və model baxımdan bəsit olsa da, çox güclü fikir işlətdi, deyir ki, adam itirməyə daha çox həssasdır, nəinki qazandığına. Məsələn, sənin 500 min manatının üstünə 500 manat da gələndə bunu adi qarşılayırsan, amma 500 manat itirəndə pis təsir edir. Beləliklə, Kahneman insanın risklilik xüsusiyyətini 3 yerə böldü: riskli, risksiz və neytral. Bir şeyi itirmək təhlükəsiylə qarşılaşanda onun ehtimalını bir az da artır. Bu ideyaya görə Kahneman Nobel Mükafatı alıb.
Biz isə dedik ki, qərar qəbul edən insan yalnız risklə səciyyələnmir, insanın psixoloji determinantları çoxdur, məsələn insan dürüstdür, yoxsa yox. Bundan başqa, qərar qəbul edəndə emosiya, qarşılıqlıq çox vacib xüsusiyyətlərdir, biz bunları da nəzərə alırıq.
- Bu ziyanlı, yoxsa xeyirlidir?
- Bunu deyə bilmərəm. Kimisə Nazirlər Kabinetinin sədri seçiblər, ona emosional ol və ya olma demək olmaz axı.
- Sadaladığınız psixoloji məqamların sosioloji aspektləri varmı, yəni uşaqlıqda, yaxud indi hansı sosioloji təbəqəyə aid olması, hansı dəyərlər sistemində formalaşması nəzərə alınırmı?
- Bunu biz tədqiq etməmişik, bu, sosial-psixoloji ölçmədir. Bu, sosiloqların və psixoloqların işidir. Biz Delfi metodunu götürdük, internetlə dünyanın qərar qəbul etmə sahələrinin mütəxəssisləriylə bir neçə dəfə sorğu keçirtdik ki, insanın psixoloji determinantları nədir ki, qərar qəbul edəndə ora daxil edə bilək? Bunun əsasında 7 determinant təşkil etdik, burada insanın, qərar qəbul edənin modeli də nəzərə alınmalıdır... Qərar qəbul edən həm dövlət, həm hərbi, həm də şəxsi problemlərində bunu edə bilər. Qərar qəbul ediləndə birinci informasiyaya baxırıq, o informasiya dəqiq deyil, ümumiyyətlə, həyatda olan informasiyaların hamısı qeyri-müəyyəndir. Həyatda olan məlumatların hamısı qeyri-dəqiqdir.
Nyutonun dövründə hər şey deterministik idi, deyirdi ki, gərginliyi artırıram, cərəyan 100 faiz belə olacaq, halbuki, 50 təcrübə aparsan da, hamısında bir-birindən fərqli nəticə alacaqsan. Sadəcə, həmin dövrdə riyaziyyat da, dil də ayrıydı. Biz isə informasiyanın reallığını, ikincisi, qərar qəbul edən insanın modelini nəzərə aldıq və bir də qərar qəbul etmədə müxtəlif alternativlərə üstünlük verməyi təkmilləşdirdik, ona linqivistik baxdıq. Maksimum çalışdıq ki, insanın üstünlük vermə düşüncəsinə yaxınlaşaq, üçüncü xüsusiyyət bundan ibarətdir.
- Primitiv də olsa, sual yaranır, bunu necə verirsiniz?
- Kitabda “Qeyri-səlis optimallaşdırma” fəsli var, biz ayrı-ayrı xüsusiyyətləri müqayisə edirik, bunun hesablamaq yolu var. Kobud şəkildə deyəcəm, tutaq ki, oğluna qız alırsan, 7-8 atribut var, gözəlliyi, təhsili və sairə, onları bir-bir müqayisə edirsən, sonra ümumi üsul veririk ki, bu alternativ o birindən üstündürsə hansı ümumi dərəcəylə üstündür? Əgər ikisi də bərabərdirsə, ikisinə də baxacaqsan. Amma biri 0,5 dərəcə ilə, digəri 0,8 ilədirsə, birincini atacaqsan.
Pərviz
"Azadliq.az"