
Azərbaycan Avropa Hərəkatı (AAH) 9 may tarixində saat 19:00-da Dənizkənarı Milli Parkda Avropa günü ilə əlaqədar "Avropa günü düzülüşü!" adlı nümayiş keçirəcək.
Qaynar.info-nun verdiyi xəbərə görə, nümayişin məqsədi artıq neçə ildir Avropada qeyd olunan "Avropa günü"nü Azərbaycanda keçirmək və Avropa dəyərlərini təbliğ etməkdir.
Hərəkatın bununla bağlı yaydığı rəsmi məlumatda da bu barədə məlumat verilib: "Dənizkənarı Millli Park boyunca arxamız sərhədsiz dənizə, üzümüz şəxsiyyət olmağa layiq olan vətəndaşlarımıza, əlimizdə Avropa dəyərləri yazılmış şüarlar tutaraq, çiyin-çiyinə düzülüş təşkil edəcəyik. Sözümüz əlimizdəki şüarlar, fikrimiz dəyərlərə sadiqlikdir. Bu səbəbdən də səsli şüarlar səsləndirmədən çiyin-çiyinə düzülüşlə sözümüzü və fikrimizi hər kəsə bəyan edəcəyik".
Nümayişin icazəli olub-olmaması, polis müdaxiləsinin gözlənildiyi barədə Avropa Hərəkatının prezidenti Ramin Hacılının fikirlərini öyrəndik.
R.Hacılı Qaynar.info-ya açıqlamasında bildirdi ki, bu tədbir artıq ikinci ildir Azərbaycanda qeyd olunur və bunun ənənə halını alması planlaşdırılır: "Biz ötən il 9 may tarixində Dənizkənarı Milli Parkda yürüş təşkil etmişdik və Avropa Birliyinin də bunu dəstəkləmişdi. Yürüşə polis müdaxiləsi olsa da, biz nəzərdə tutduğumuz nöqtəyə qədər yürüş edə bildik. Bu il də tədbirimizi keçirməkdə qərarlıyıq. Bununla bağlı müvafiq qurumlara xəbərdarlıq xarakterli məlumat göndərmişik. Bunun üçün heç kimdən icazə almamışıq və qanunla buna ehtiyac olmadığını düşünüşük. Yalnız müvafiq qurumları məlumatlandırmışıq və qanun da bizdən bunu tələb edir. "Avropa günü düzülüşü!" tədbirini keçirməklə məqsədimiz sadəcə tərəfdarı olduğumuz Avropa dəyərlərini təbliğ etmək, Avrointerqasiyanın vacibliyini vurğulamaqdır. Bu tədbir kiməsə qarşı təşkil olunmayıb və kimdənsə nəsə tələb olunmur. Biz sadəcə Avropa dəyərlərinin ölkəmizdə tətbiqinin vacibliyini qeyd etmək istəyirik və bunu əlimizdəki şüarlarla nümayiş etdirəcəyik. Bu şuarların əsas mövzusu "Demokratiya", "İnsan Haqqları", "Şəffaflıq", "Vətəndaş Cəmiyyətinin inkişafı", "Sekulyarizm" və s-dir. Mən ümid edirəm Azərbaycan polisi tədbirə müdaxilə etməyəcək və Avropa dəyərlərinin Azərbaycan üçün nə qədər önəmli olacağını qəbul edəcək. Bir məsələni də qeyd etmək istərdim ki, biz Avrointeqrasiya dedikdə, Avropanın inkişafına səbəb olan dəyərləri və təcrübəni ölkəmizdə bütövlükdə tətbiqinin tərəfdarıyıq".
Qaynar.info