
Mərkəzi Seçki Komissiyasının İlqar Məmmədovla bağlı yaydığı məlumata REAL-ın İdarə Heyətinin üzvü Natiq Cəfərli münasibət bildirib.
MSK-nın məlumatında bildirilir ki, aprelin 29-da Şəki Apellyasiya Məhkəməsində İlqar Məmmədov barəsində hökm qüvvəyə minib. Seçki Məcəlləsinin 13.3.1-ci maddəsinin tələbinə əsasən İlqar Məmmədov bununla da passiv seçki hüququnu itirib.

İlqar Məmmədov
Natiq Cəfərli Qaynarinfo.az-a açıqlamasında qeyd edib ki, qanunun hərfi mənasında MSK-nın verdiyi açıqlama doğru ola bilər: "Amma İlqar Məmmədovla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsinin, Nazirlər Komitəsinin 3 qərarı var. Bu qərarlarda İlqar Məmmədov siyasi fəaliyyətinə görə həbs olunduğu və dərhal həbsdən azad olunması qeyd olunub. İlqar Məmmədov siyasi fəaliyyətinə görə təqib olunma maddəsi ilə keçmiş SSRİ məkanında bəraət alan ikinci şəxsdir.
Bütün bu məsələləri və AİHM-in qərarını nəzərə alaraq tələb edirik ki, MSK rəsmi qərar elan etsin. Bundan sonra biz 18-ci maddəni və Avropa məhkəməsinin qərarlarını əsas gətirərək yerli məhkəmələrə müraciət edəcəyik. Yerli məhkəmələrdə heç bir irəliləyiş olmasa, bu iş AİHM-nə qədər gedib çıxacaq".
Natiq Cəfərli həmçinin bildirib ki, onlara rəsmi qərar təqdim olunandan sonra imzatoplama kampaniyasını dayandıracaqlar: "Biz seçicilərlə həmişə səmimi olmuşuq. İlqar Məmmədovun namizədliyini qeydə almayacaqlarını bilə-bilə, seçicilərdən imza almağı düzgün saymırıq. Seçiciləri bir növ aldatmış olarıq. Rəsmi qərar bizə çatan kimi kampaniyanı dayandıracağıq".
İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
"Amnesty International" İlqar Məmmədovu vicdan məhbusu kimi tanıyıb.
Xatırladaq ki, MSK noyabrın 17-də keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsində qeydə alınmış deputatlığa namizədlərin müraciəti əsasında həmin dairədə seçkilərin nəticələrini ləğv edib. 90 saylı dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı, "AGBank" Müşahidə Şurasının sədri Çingiz Əsədullayev olub.
Qaynarinfo.az