"DİN və VXSİ Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi ictimai və sosial əhəmiyyət kəsb edən, populyar xidmətlərin tez bir zamanda rəqəmsallaşmasına və inteqrasiyasına diqqəti artırmalıdırlar”.
Qaynarinfo xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, Dövlət Xidmətləri Reyestrinə əsasən Daxili İşlər Nazirliyi 30 adda xidmət göstərir ki, onlardan da cəmi 1 xidmət elektronlaşıb:
"Elektronlaşan xidmət: Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənilməsi.
Elektronlaşmayan, lakin kifayət qədər ictimai əhəmiyyət kəsb edən və populyar olan xidmətlərin bəziləri :
1. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması,
2. Avtomobillərin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasının sifariş verilməsi,
3. Sürücülük vəsiqələrinin alınması (nəzəri imtahanlara qeydiyyat, imtahanların keçirilməsi, SMS məlumatlandırma, cavablara baxış imkanı və s.),
4. Nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi,
5. İtirilmiş əşyanın tapılmaması barədə arayışların verilməsi,
6. Sığorta hadisəsi hesab edilə bilən halin baş verməsi faktını təsdiqləyən arayışın verilməsi,
7. Məhkumluq barədə arayışların verilməsi və s”.
Osman Gündüz qeyd edib ki, qonşu ölkələrin təcrübəsində bu tip xidmətlərin bir çoxu elektronlaşıb, hətta mobil versiyalar üzərindən bu xidmətləri almaq mümkündür:
"DİN-nin rəqəmsallaşma sahəsində yetərincə təcrübəsi və mükəmməl işləyən informasiya sistemi var. DİN-in operatoru olduğu İAMAS ("Giriş-çıxış və qeydiyyat") sistemi, ölkənin ən böyük və ən strateji resurslarından biridir. Demək olar ki, bütün digər dövlət qurumları tərəfindən elektron xidmətlər göstərmək üçün istifadə olunur. Maraqlıdır ki, DİN bu sistemi digər dövlət qurumlarının elektron xidmət göstərməsi üçün onlara təqdim edir və inteqrasiya edir, lakin özünün xidmətlərini elektronlaşdırmağa tələsmir. Bir müddət öncə də qeyd etdiyim kimi, DIN-nin yetərincə aktiv işləyən "102 zəng xidməti” olsa da, indiyədək onun mobil versiyasının hazırlanmaması da, xoşagələn bir hal deyil. Rəqəmsal hökumətə keçidlə bağlı Prezidentin 14 mart 2018-ci il tarixli fərmanından 3 il keçib”.
Bahar Rüstəmli