Kanadalı 19 yaşlı xokkeyçi Eitan Qrişin həbs edilə bilər.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb onun oyunların birində rəqib qapıçını boğmağa cəhd göstərməsi olub.
Hadisə Qrişinin formasını geyindiyi "Richmond Sockeyes”in yanvarın 25-də "North Vancouver Wolf Pack”la keçirdiyi görüşdə baş verib. Belə ki, Şimali Vankuver təmsilçisi hesabda 5:1 öndə olarkən meydançada Qrişinlə qapıçı Evan Paul arasında dava düşüb. Dava zamanı Qrişin, əsl güləşçi kimi, Paulun boynundan tutaraq onu boğmağa başlayıb. Lakin meydan oyunçularından heç biri qapıçıya kömək etməyib. Nəticədə o, huşunu itirib. Lakin hakimlər bunu dərhal hiss etməyiblər. Onlar Qrişini sakitləşdirən zaman xokkeyçilər Paulun hərəkətsiz şəkildə yerdə qaldığını görüblər və həkimlər tərəfindən qapıçıya ilk tibbi yardım göstərilib.
Qrişin dərhal oyunun sonuna qədər meydandan qovulub. Klub prezidenti Duq Paterson mətbuata açıqlamasında, taleyi həll olunana qədər müdafiəçinin ümumiyyətlə oyunlardan uzaqlaşdırıldığını bildirib. Xoşbəxtlikdən onun boğduğu qapıçı ölməyib və klubundan səhhətinin yaxşıya doğru getdiyi açıqlanıb.
Eitan bu mövsüm artıq iki dəfə cəzalanıb və ümumilikdə 16 matçı buraxıb. Qadağalardan biri ona məmura fiziki təzyiq göstərdiyinə görə verilib. Rəqibini boğmağa cəhd göstərdikdən sonra oyunçu üçüncü dəfə diskvalifikasiya oluna bilər.
Səbuhi Həsənov