Bu gün "Qarabağ” Avropa Liqasında növbəti matçına çıxacaq. Təmsilçimiz İsveç klubu "Hakken”in qonağı olacaq. İlk görüşdə Norveç təmsilçisi "Molde”ni məğlub edən ağdamlılardan qələbə gözləntiləri böyükdür.
Millimizin və "Qarabağ”ın sabiq futbolçusu Rəşad Sadiqov hazırda məşqçi kimi çalışdığı Ağdam klubunun şanslarını dəyərləndirib. O, Qaynarinfo-ya müsahibəsində təkcə "Qarabağ”dan deyil, Azərbaycan Premyer Liqasından, həmçinin yığmamızın son durumundan danışıb:
"Qarabağ”ın şansları yetərincədir. Hamı bilir ki, oynadığı futbola görə qrupdan çıxmaq imkanları var. "Bayer”i çıxmaq şərtilə, ikinci yerlə qrupdan çıxmaq mümkündür. İnşallah, "Hakken”lə görüşdə qələbə qazanarlar. Ümidimiz böyükdür, Bakıdakı matçdan sonra komanda qrupdan çıxmağa layiq olduğunu göstərdi”.
- Püşkatmadan sonra əksəriyyət "Molde” ilə oyunların daha çətin keçəcəyini, qələbə şanslarının az olduğunu deyirdi…
- Asan oyun olmadı, sadəcə, Qurban müəllimin seçdiyi startegiya, oynatdığı futbol "Molde”ni çaşdırdı. Onlara imkan vermədi və oyun 90 dəqiqə ərzində "Qarabağ”ın diktəsi ilə keçdi. Komanda qarşıda pressinq edərək, rəqibə şans yaratmadı. "Molde” "Qarabağ”ın sayəsində oynaya bilmədi, çünki onlara göz açdırmadılar.
- Heyətdə hansı çatışmazlıqları qabartmaq mümkündür?
- Oyunçu baxımından hansı çatışmazlıqların olduğunu yəqin ki, Qurban müəllim hamımızdan yaxşı bilir. Kimlərisə alırlar, oynadırlar. Hamımız kənardan danışırıq ki, filan şeylər çatışmır. Hər halda məşqçi daha yaxşı görür və boşluqları doldurur ki, "Molde”yə 90 dəqiqə imkan vermədilər. Doğrudan da "Qarabağ”ın layiqli futbolçuları var, göstərdilər ki, düzgün oynayırlar.
- Komanda mövsümə gözlənilən səviyyədə başlamışıdı və tənqidlərlə üzləşirdi…
- Səbəb sadədir. Son 10 ildə onsuz da "Qarabağ” çempionata istədiyi kimi başlamır. Bunun da səbəbini avrokuboklara başı qarışdığına görədir. Əsasən də az şans qazanan futbolçularla meydana çıxmaqla bağlıdır. İki - "Sabah” və "Sumqayıt”la oyunlarda əsas heyətlə meydan çıxdılar və nəticələri gördünüz. Hər iki rəqibi çox rahatlıqla məğlub etdilər, onlara göz açmağa imkan vermədilər. Bütün oyunlara əsas "11-lik”lə çıxsalar, bu, Azərbaycan çempionatında bütün rəqiblərin başına gələcək. Daha az oynayan futbolçularla meydana çıxırlar, xal itirən kimi hamı "Qarabağ”ı tənqid etməyə başlayır. Bəs insanlar avrokuboklarda qruplara düşməyi fikirləşmirlər? Komanda gücünü qorumalıdır axı.
- Azərbaycan Premyer Liqasında artıq bir neçə tur geridə qalıb. Ölkə birinciliyi haqda düşüncələriniz necədir?
- Bu il həqiqətən, çempionat maraqlı gedir. Çempionluğa iddialı gördüyümüz "Sabah” hazırda doqquzuncu yerdədir. Bu da o anlama gəlir ki, rəqiblər bir-birinə ciddi müqavimət göstərir, xal almağa çalışırlar. İstəyir birinci, yaxud ikinci pillədə getsin, fərq etmir, hamı bir-birinə qarşı daha yaxşı oynayır. "Sabah”ın enişinin səbəbini avrokuboklardakı oyunu ilə əlaqələndirmək olar. Qrupa düşə bilmədilər, bir qədər çökmə oldu. Psixoloji səbəblə əlaqələndirərdim. İnanmıram belə qalsınlar, yəqin ki, yuxarı pillələrə qalxacaqlar. Qışa qədər yəqin ki, "Qarabağ” ilk pillədə yerini bərkidəcək. Digərləri də Avropa Liqasına, Konfrans Liqasına yollanmaq üçün oynayacaqlar. İnanmıram "Qarabağ” bu tərzdə oynadığı müddətdə kimsə çempionluğu onların əlində ala bilə.
- Sabiq klubunuz "Neftçi” haqda fikirlər də birmənalı deyil. Üzərində çox təzyiqlər var, yoxsa komanda yüksək potensiala malik deyil? Azarkeşlər də çempionluq tələb edir. Bu mənada şanslar necədir?
- "Neftçi” Azərbaycanın ən köklü iki klubundan biri, hətta birincisidir deyərdim. Belə oynaması, bu cür mövqedə olması həqiqətən acınacaqlıdır. Hər il gözləyirəm ki, "Neftçi” ən azı çempionluğa iddialı olsun. Hər il komanda çempionluğa oynamalıdır. Sadəcə, bu il oynadıqları futbol çempionluq iddiasından uzaqdır. Bunun isə nə ilə bağlı olduğunu yəqin ki, klub rəhbərliyi, məşqçilər heyəti bilər. Çünki məsuliyyəti onlar yaşayır. "Neftçi”nin çox oyunlarını izləmirəm. Sadəcə, fraqmentlərə baxıram. Çünki hazırda "Qarabağ”da işləyirəm deyə, bu komandanın oyunlarının hamısını izləyirəm. "Neftçi” hər oyun zülm çəkir. Udanda, da, uduzanda da, heç-heçə oynayanda da. "Neftçi” belə olmamalıdır.
- Mutunun oyun fəlsəfəsi haqqında nə düşünürsünüz?
- Bununla bağlı bir söz deyə bilmərəm. Həm də onun haqında nəsə danışmağım düzgün deyil. "Neftçi” daxilində olanlar danışmalıdır. Oynatığı futbolun necə olduğunu deyə bilmərəm. Çünki oyunlarını tam izləməmişəm.
- Millimizin durumu ilə bağlı fikirləriniz necədir? Yenə də birmənalı qarşılanmır, nəticələr ürəkaçan deyil.
- Avstriya, İsveç, Belçika… Düşdüyümüz qrupa baxanda hər şey bəlli idi. Sadəcə, Estoniyanı üstələyə bilərdik. Nə Belçikanı, İsveçi, nə də Avstriyanı keçəcək gücdəyik. Ağır qrupa düşmüşük. Amma Estoniyanı keçməli idik, lakin heç-heçə oynadıq. Belçikaya qarşı normal oynadıq. O da bilmirəm, rəqib əsas heyətlə gəlməmişdi deyə belə idi, ya yox. Qalan oyunları zəif keçirmişik.
- De Byazinin heyətdə etdiyi dəyişiklikləri necə qiymətləndirirsiniz?
- Nə deyim? AFFA rəhbərliyi və digər məsul şəxslər daha yaxşı bilər. Onsuz da millidə oynayacaq başqa futbolçumuz yoxdur. Hə, Qara Qarayevin milliyə dəvət almalı olduğunu müsahibələrimdə mən də hər dəfə deyirdim. Niyə çağırmır, baş məşqçi ilə aralarında nə baş verib bilmirik. Ümumiyyətlə, məşqçinin futbolçu ilə prinsip aparması düzgün deyil. Onsuz da Avropa və ya Dünya çempionatına getməyə iddialı deyiliksə, milyonları verib hansısa baş məşqçini saxlamağın mənası yoxdur. Yığmanı çalışdıra biləcək kifayət qədər yerli baş məşqçimiz var.
- Bir vaxtlar futbolçusu olduğunuz "Qarabağ”a məşqçi kimi uyğunlaşa bilmisiniz?
- Allaha şükür, işlər yaxşıdır. Aftandil Hacıyev sağ olsun, akademiyaya rəhbər təyin olunduqdan sonra məni kluba dəvət etdi. İşlər normaldır, maraqlıdır. hazırda "Qarabağ”ın U-16 komandasında baş məşqçiyəm. Uşaqlara nələrisə öyrətməyə çalışırıq. Şəraitimiz pis deyil, normaldır.
Səbuhi Həsənov
Şərhlər