Nümayəndələr Palatasında bir qrup Respublikaçı Konqresin Ukraynaya hərbi və humanitar yardım şəklində ayırdığı vəsaitlərin auditi üçün qanun layihəsi təqdim edib.
Qaynarinfo xəbər verir ki, qrupun rəhbəri Markori Teylor Qrin "Twitter"də "Ukraynaya daxil olan, həmçinin sərhədimizin təhlükəsizliyinin təmin edilməsinə yönələn vəsaitlərin yoxlanılmasına çağırıram"
yazıb.
Onun sözlərinə görə, "Konqresimizi Zelenskiyə zəhmətlə qazanılmış vergi dolları verməyə məcbur etmək üçün” Konqresin salonlarında əlil ukraynalı əsgərlərdən "piyada kimi istifadə olunur”. O, Ukraynanın NATO-nun üzvü olmadığını və ABŞ prezidenti Co Baydenin onu "müdafiə etməyəcəyini” vurğulayıb. Teylor Qrin əvvəllər Baydenə impiçment elan edilməsinə çağırıb.
Vəsaitlərin ayrılmasını yoxlamaq təşəbbüsünü daha 10 respublikaçı dəstəkləyib. Onlar tələb edirlər ki, Ukraynanın maliyyələşdirilməsi ilə bağlı bütün sənədlər və məlumatlar qətnamənin qəbulundan sonra 14 gündən gec olmayaraq göndərilməlidir.
Eyni zamanda, noyabrın 15-də Bayden Konqresdən Ukrayna üçün əlavə 37,7 milyard dollar istəyib ki, bunun da 21,7 milyard dolları müdafiə ehtiyaclarına, 14,6 milyard dolları isə Ukrayna hökumətini maliyyələşdirmək və humanitar yardım göstərmək üçün ayrılmalıdır.
Noyabrın 17-də Respublika Partiyası aralıq seçkilərdə Nümayəndələr Palatasında çoxluq qazanıb. Bundan əvvəl Nümayəndələr Palatasında Respublikaçıların lideri Kevin Makkarti xəbərdarlıq etmişdi ki, onun partiyası Ukraynaya "boş çek” verilməsini dəstəkləməyəcək.
Bu arada, Ağ Evin İdarəetmə və Büdcə Departamentinin rəhbəri Şalanda Yanqın sözlərinə görə, ABŞ Konqresin bu il Ukraynaya yardım etmək üçün təsdiq etdiyi 40 milyard dolların dörddə üçündən çoxunu artıq xərcləyib. "Biz Ukraynanın döyüş meydanında uğur qazanması üçün mühüm əhəmiyyət kəsb edən əhəmiyyətli yardım göstərmişik və bu dəstəyin dayanmasına imkan verə bilmərik”, - Yanq bir gün əvvəl istefa vermiş Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə məktubunda yazıb.
Maliyyə yardımı göstərməkdə çətinliklər ABŞ-ın Kiyevə təhvil verdikləri dəqiq idarə olunan hərbi sursatların və bəzi silah sistemlərinin tükənməsi ilə daha da artır. Xüsusilə, 155 mm-lik artilleriya döyüş sursatlarının və "Stinger” zenit-raket komplekslərinin ehtiyatları narahatlıq doğurur, - CNN məsələdən birbaşa xəbəri olan üç ABŞ rəsmisinə istinadən yazıb.
Eyni zamanda, Pentaqonun sözçüsü Patrik Rayder ABŞ-ın Ukraynanı "nə qədər lazımdırsa, o qədər” dəstəkləyəcəyini vəd edib. "Biz öz hərbi hazırlığımıza xələl gətirmədən ABŞ ehtiyatlarından avadanlıqları göndərə bilmişik və ABŞ, müttəfiqlərin və tərəfdaşların tükənmiş ehtiyatlarını artırmaq üçün sənaye ilə işləməyə davam edirik”, - deyə Rayder bildirib.
Nizami Bağırov