
Hazırda həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov adından hakimiyyətlə dialoqa hazır olduğunu bildirən açıqlama yayılıb. İyulun 31-də Rəsul Cəfərova qarşı vergidən yayınma ittihamılə qaldırılmış iş üzrə apelyasiya məhkəməsi keçiriləcək. Hüquq müdfafiəçisinin adından yayılan açıqlama da bu məhkəmə ilə bağlıdır. Açıqlamada deyilir:
“Mənə qarşı ittihamlardan biri vergidən yayınma (Cinayət Məcəlləsinin 213-cu maddəsi) ilə bağlıdır. Prokurorluqla yanaşı Vergilər Nazirliyi də eyni vergi borcunun ödənilməməsi ilə bağlı akt qəbul edib. Həmin akt məhkəmə qaydasında mubahisələndirilib və bu iş üzrə proseslər davam edir. Ancaq vergi borcunu ödədik. Borcun olmaması barədə müvafiq sənədi 31 iyulda Bakı Apelyasiya Məhkəməsində keçiriləcək prosesdə məhkəməyə təqdim ediləcək. 213-cü maddədə göstərilir ki, vergi borcu tam ödənilsə, şəxs cinayət məsuliyyətindən azad edilir. Yəni mənə qarşı həmin maddə üzrə ittihama xitam veriləcəyini və bu maddə üzrə təyin edilmiş cəzanın aradan qaldırılacağını gözləyirəm.
Bu addımın hüquqi deyil, həm də ictimai-siyasi əhəmiyyət daşıdığına inanıram. Çünki vergi borcunu yalnız ittihamlardan birinə xitam verilməsi və cəzanın yüngülləşdirilməsi üçün ödəməmişəm. Bu addımı hakimiyyətlə dialoqa hazır olmağımı göstərmək üçün atmışam”.
Qaynar.info