Millət vəkili Fazil Mustafa Məmməd Əmin Rəsulzadənin metronun "Bakmil" stansiyasının yanında, depo ərazisində 1992-93-cü illərdə qoyulan büstünun "Bakı Metropoliteni" QSC-nin rəisi Zaur Hüseynovun göstərişi ilə dağıdıldığı və qalıqları yük maşınına yığılaraq aparıldığı haqda status yazıb.
O, bildirib ki, prezident İlham Əliyev ötən il Məmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyinin qeyd olunması barədə sərəncam imzalayıb: “Həmin sərəncamda Rəsulzadənin irsinin öyrənilməsi, əsərlərinin nəşri, yubileyinin dövlət səviyyəsində qeyd olunması nəzərdə tutulmuşdu. Üstəlik də sərəncamda Rəsulzadənin büstünün və ya abidəsinin dağıdılması barədə hansısa göstəriş, işarə, ideya yox idi və ola da bilməzdi. Belə olan halda Zaur Hüseynovun hərəkəti prezidentin sərəncamına qarşı hörmətsizlik deyil, bəs nədir? Prezidentin sayğı göstərdiyi, yubileyini dövlət səviyyəsində qeyd etməyi tapşırdığı bir tarixi şəxsiyyətə, hansısa bir məmurun hörmətsizlik göstərməsinin adı nədir?”
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bu olaya münasibət bildirib. O, aznews.az-a açıqlamasında Məmməd Əmin Rəsulzadənin abidəsinin “Bakmil”in deyil, deponun ərazisində olduğunu vurğulayıb: “O abidəni nə Fazil Mustafanın, nə də oranın hər hansı bir sakininin görmək imkanı var. Hətta, mən belə o əraziyə icazə ilə girirəm. Bəli, orada vaxtı ilə Məmməd Əmin Rəsulzadənin büstü qoyulmuşdu. O büst çox keyfiyyətsiz halda hazırlanmışdı. Demək olar ki, istifadəyə yararsız idi. Hazırda metroda yenidənqurma, təmir-bərpa işləri gedir. Həmin təmir işləri başlayan ərəfədə büst oradan götürülüb. İstər Fazil Mustafanın, istərsə də hər hansı bir insanın diqqətinə çatdırıram ki, heç bir hörmətsizlikdən söhbət gedə bilməz. Ən azından bilirik ki, Məmməd Əmin Rəsulzadə kim olub”.
N.Paşayev onu da əlavə edib ki, təmirdən sonra Məmməd Əmin Rəsulzadənin büstü yerinə qaytarılmayacaq, çünki büst tamamilə yararsızdır: “Keyfiyyətsiz materilaldan hazırlanıb və istifadəyə yaramır. Hazırda o büst anbardadır”.
Qaynar.info