Dünya 14:26 14.12.2023

"Reuters": Hind okeanı Tayvanla müharibədə Çinin Axilles dabanına çevrilə bilər

ABŞ-ın Hind okeanında hökmranlığı Tayvanla mümkün hərbi münaqişədə Çinin Axilles dabanına çevrilə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" bir neçə hərbi attaşe və elm adamlarına istinadən yazır.

Reuters-in məlumatına görə, Çinin Hind okeanındakı zəifliyi hazırda Qərb ölkələrində Çinin Tayvanla bağlı münaqişənin inkişafının hipotetik senarilərinin öyrənilməsi çərçivəsində çox diqqətlə öyrənilir.

Avstraliya Milli Universitetinin təhlükəsizlik üzrə mütəxəssisi Devid Brüster agentliyə bildirib ki, irimiqyaslı müharibə olacağı təqdirdə Afrika və Braziliyadan Hind okeanı vasitəsilə Çinə gedən Çin neft tankerləri və dəniz gəmiləri böyük təhlükə altında olacaq.

Brüsterin sözlərinə görə, Çin Hərbi Dəniz Qüvvələrinin donanması Hind okeanında tələyə düşəcək, o cümlədən Çinin bu regionda hərbi bazaları olmadığı üçün gəmilər hava dəstəyinə arxalana bilməyəcək.

Eyni zamanda, ABŞ Bəhreyndə 5-ci Donanmasını, Dieqo Qarsiya atollunda 7-ci Donanması və hərbi bazasını yerləşdirib. Avstraliya Hind okeanının şərqində hava patrullarını artırır.

Qərb və Asiya paytaxtlarında müzakirələrlə tanış olan dörd səfir və səkkiz analitik Reuters agentliyinə bildiriblər ki, vəziyyət xüsusilə Rusiya ilə Ukrayna arasında uzanan münaqişə vəziyyətində Çinin rəqiblərinə imkanlar yaradacaq. 

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Qərb müttəfiqlərinin nəzərdən keçirdiyi senarilər, xüsusən də Çin gəmilərini təqib etmək və onların qarşısını almaq üçün əməliyyatlar və ya blokadadan ibarətdir. Reuters xəbər verir ki, bu imkanlar Çini hərbi əməliyyatlara başlamaqdan çəkindirmək üçün istifadə oluna bilər.

Qeyd edək ki, Çin Tayvanı öz ərazisi hesab edir və bir neçə dəfə adanın yaxınlığında hərbi təlimlər keçirib. Xüsusilə, adanın müstəqilliyini dəstəkləyən "separatçı qüvvələrə ciddi xəbərdarlıq” olaraq, avqust ayında Xalq Azadlıq Ordusu Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri tərəfindən böyük manevrlər təşkil edilib. Həmin ayın sonunda ABŞ administrasiyası silahların alınması üçün Tayvana 80 milyon dollar ayrılmasını təsdiqləyib. Sentyabr ayında Çin ada ilə inteqrasiyanı dərinləşdirmək planını açıqlayıb.

Nizami Bağırov