Xəbər lenti

Reyn çayı 1880-ci ildən bəri ən aşağı səviyyəyə endi
Dünya 16:46 04.08.2026

Reyn çayı 1880-ci ildən bəri ən aşağı səviyyəyə endi

Avropanın əsas su nəqliyyatı arteriyalarından biri olan Reyn çayında suyun səviyyəsi rekord həddə qədər azalıb. 

Qaynarinfo xəbər verir ki, "Bloomberg"in Sürix Ali Texniki Məktəbinin (ETH Zurich) hesablamalarına istinadən yaydığı məlumata görə, Almaniyanın cənub-qərbində yerləşən Kaub şəhəri yaxınlığında suyun səviyyəsi cəmi 24 santimetr təşkil edib. Bu, müşahidələrin aparılmağa başlandığı 1880-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir.

Məlumata görə, Reyn çayının dayazlaşması Avropada ticarətə ciddi təsir göstərə bilər. Çay bir çox region üçün enerji daşıyıcıları və sənaye məhsulları da daxil olmaqla müxtəlif yüklərin daşınmasında əsas nəqliyyat marşrutlarından biri hesab olunur.

Kaub məntəqəsində suyun səviyyəsi gəmiçiliyin vəziyyətini qiymətləndirmək üçün əsas göstəricilərdən biridir. Reyn Su Yolları və Gəmiçilik İdarəsi bildirib ki, çayda gəmi hərəkətinin tamamilə dayanması ehtimalı azdır. Lakin suyun azalması gəmilərin yükdaşıma qabiliyyətini məhdudlaşdırır.
 


Bu isə eyni həcmdə yükün daşınması üçün daha çox gəmidən istifadə olunmasını tələb edir və nəticədə nəqliyyat xərclərinin artmasına, eləcə də təchizat zəncirində gecikmələrə səbəb ola bilər.

Bundan əvvəl "Financial Times" ekspertlərə istinadən yazmışdı ki, Reyn çayının dayazlaşması Almaniyada ümumi daxili məhsulun artım tempini 0,1–0,2 faiz azalda bilər.

Bu yay Reyn çayında rekord dayazlaşma Avropada müşahidə olunan quraqlıq və bir neçə ekstremal isti hava dalğası ilə əlaqələndirilir.

Mütəxəssislər bildirirlər ki, Dunay çayında vəziyyət daha ağırdır. Çayın dayazlaşması artıq yükdaşımalarında problemlərə səbəb olub, həmçinin Macarıstan, Rumıniya və Serbiyada elektrik enerjisi təminatına mənfi təsir göstərib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->