"Amerikalılar həbs edilmiş Rusiya aktivlərindən Ukraynaya kömək üçün iki milyon dollar göndərmək qərarına gəliblər. Onların başqasının əmlakını ələ keçirməsi birinci dəfə deyil: Əfqanıstandan yeddi milyard, İrandan isə daha böyük ölçüdə alınıb. Vaşinqton qəzəblənsə, Moskva çox şey itirəcək".
Qaynarinfo xəbər verir ki, bu sözlər RİA Novosti-nin bu gün dərc etdiyi məqalədə yer
alıb.
Məqalə bu cür davam edir:
Məcburi Yardım
ABŞ Konqresinin Nümayəndələr Palatası dondurulmuş Rusiya vəsaitlərinin Ukraynaya dəstək və "Rusiyanın demokratikləşməsi” üçün istifadəsinə icazə verən qanun layihəsini təsdiqləyib (417 konqresmen lehinə, 8-i əleyhinə).
"The New York Times” yazır ki, başlanğıc üçün onlar prezident Co Baydeni sanksiyalar altında həbs edilmiş dəbdəbəli predmetləri satmağa çağırıblar. Düzdür, aktiv sahiblərini bu hərəkətlərə etiraz etmək hüququndan məhrum edən qanun layihəsi keçmədi, amma sevinmək hələ tezdir.
Bayden Rusiya oliqarxlarına qarşı mübarizə üçün Konqresə təkliflər paketi göndərdiyini bildirib. "Biz onları topladıqları pullardan məhrum etmək üçün hər şeyi edəcəyik... Bu əmlakın müsadirə və götürülməsini həyata keçirmək üçün yeni mexanizmlər yaradılacaq. Biz hər şeyi edirik ki, oliqarx aktivlərini satarkən əldə olunan gəlir birbaşa Ukraynaya dəyən zərərin aradan qaldırılmasına yönəlsin”, - deyə Bayden vurğulayıb.
Bundan əlavə, Dövlət Departamenti Rusiyanın terrorizmin sponsoru kimi tanınması imkanlarını nəzərdən keçirir. Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova söz verib ki, Moskva Vaşinqtonun bütün qərarlarına, hətta bu cür "idiotik” qərarlarına belə cavab verəcək.
Hələ aprelin ortalarında ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan dondurulmuş aktivlərin rus iş adamlarına qaytarılmayacağını bildirmişdi. Eyni zamanda, özü də bunu "ələ keçirmə” kimi təsnif edib.
Və Vaşinqton, çox güman ki, iki milyonla kifayətlənməyəcək. Amerikalılar FES-in hesablarında yatan Rusiya Mərkəzi Bankına məxsus yüz milyard dolları dondurdular. Dövlət Departamentinin rəhbəri Entoni Blinken gizlətmir ki, Ağ Ev onları Kiyevə necə göndərmək barədə düşünür. Hüquqi incəliklər buna mane olur.
Zelenskinin iştahı daha böyükdür: o, Mərkəzi Bankın və rus milyarderlərinin vəsaitlərindən 400 milyard dollara ümid edir.
Günün günorta çağı quldurluq
Keçən il "Taliban”dan qaçdıqdan sonra amerikalılar Əfqanıstanın təxminən 7 milyard dollarını dondurdular. Onlar izah etdilər ki, bu, Kabilə təzyiq göstərmək üçün diplomatik rıçaq rolunu oynayacaq.
Vəsaitin bir hissəsi 2001-ci il sentyabrın 11-də baş vermiş terror aktı nəticəsində zərər çəkmiş ailələrə kompensasiyanın ödənilməsinə, qalan hissəsi isə humanitar yardıma göndəriləcək. "Taliban” bunu quldurluq adlandırdı, lakin Vaşinqton heç də utanmadı. Onlar ABŞ və müttəfiqlərinin Əfqanıstan iqtisadiyyatına iyirmi illik sərmayəsini misal gətirirlər. Baxmayaraq ki, hətta BMT-nin baş katibi Antonio Guterres bu pulun qaytarılmasını tələb etdi, çünki ölkənin taleyi tükdən asılıdır.
Bundan əlavə, amerikalılar Əfqanıstanda təxminən eyni məbləğdə qiymətləndirilən hərbi texnika qoyub çıxdılar. Pentaqonun qanunvericilərə təqdim etdiyi hesabata işarə edərək, ən azından CNN belə xəbər verib. Hərbi təyyarə və nəqliyyat vasitələri, silahlar, döyüş sursatı və rabitə vasitələri Talibanın əlinə keçdi.
İranınsa əlinə heç bu da kemədi. 1979-cu il İslam İnqilabından sonra dondurulan aktivlərin 100-120 milyard dollar olduğu təxmin edilir. Üstəlik, fondlar təkcə ABŞ-da deyil, həm də Çin, Cənubi Koreya, Lüksemburq, Yaponiya və İraqdadır. Əksəriyyəti neftdən gəlmiş gəlirlərdir.
İnqilab Vaşinqtonla dost olan Şah Məhəmməd Pəhləvini devirdi. ABŞ-ın Tehrandakı səfirliyi ələ keçirilib, 66 amerikalı girov götürülüb. Onlardan sonuncusu yalnız 1981-ci ilin sonunda buraxıldı.
Məhkəmə yoxdursa, pul da yoxdur
Beynəlxalq hüquqşünas Dmitri Romanenko hesab edir ki, "Amerika tərəfinin bu cür hərəkətləri heç bir beynəlxalq hüquqi çərçivəyə sığmır. Aydındır ki, bu xətt bundan sonra da davam edəcək, onlar əvvəllər qeyri-mümkün görünən addımlar atacaqlar. "Təbii ki, cavab tədbirləri haqqında danışılacaq. Rusiya ABŞ-ın həm fiziki, həm də hüquqi şəxslərinin ölkədəki aktivlərinə həbs qoymaq hüququnu özündə saxlaya bilər”.
O, Konqresin qərarına etiraz ediləcəyinə şübhə edir, çünki beynəlxalq məhkəmələrə "heç kim təzyiq göstərməkdən çəkinməyəcək” – və təbii ki, Rusiyanın xeyrinə deyil.
Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada Tədqiqatları İnstitutunun baş elmi işçisi Vladimir Vasiliyev qeyd edir ki: "Rusiyanın dondurulmuş üç yüz milyard dollarından istifadə etmək ideyası Kiyevdə ifadə olunub, sonra isə Vaşinqtonda qaldırılıb”. Məlum oldu ki, bunun üçün müəyyən hüquqi maneələr var. Hesabları dondurmaq bir şeydir, "onlar üçün mövcud olan vəsaiti xərcləmək başqa şey. Bunun üçün milli orqanlar və ya məhkəmə orqanları kifayət etmir".
Onun sözlərinə görə, əvvəllər belə hal olmayıb. "Bəli, bu, Əfqanıstanla bağlı vəziyyəti xatırladır, lakin "Taliban" qadağan olunmuş terror təşkilatıdır. Bunu yarımpresedent hesab etmək olar. Adətən, İranda olduğu kimi vəsaitlər dondurulur, sonra onların qaytarılması məsələsi həll edilir. Yaxud bu aktivlər qeyri-müəyyən müddətə saxlanılır, iqtisadi kompensasiyalar üçün istifadə edilir”, - ekspert əlavə edir.
Ukraynalı qaçqınları qəbul edən Aİ ölkələrinə də Rusiya pulları köçürülə bilər. Eyni zamanda, RİA Novosti-nin həmsöhbəti bu vəsaitlərin təyinatı üzrə xərclənəcəyinə şübhə edir.
"Amerikalılar pilot layihələrə başlayırlar, üç yüz milyardın hamısını xərcləyəcəklərini dərhal elan etməyə risk etmirlər. Ancaq parçalara ayrılsalar, bu, tədricən qanuni görünəcək. İndi birinci tranşı götürüb humanitar yardım və ya başqa bir şey üçün Ukraynaya göndərəcəklər. Və getdikcə məbləği artıracaqlar. İctimaiyyəıt isə buna öyrəşəcək”, - Vasilyev deyir.
Vaşinqton qlobal maliyyə praktikasında son dərəcə təhlükəli presedent yaradır. Artıq heç bir ölkə öz əmanətlərinin təhlükəsiz olduğundan əmin olmayacaq.
Alpər