Böyük Britaniyanın hakim Mühafizəkarlar partiyasının yeni lideri Rişi Sunak Kral III Çarlzdan hökumət qurmaq mandatı alıb. Bununla da, Sunak ölkənin baş naziri vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Sunak Britaniya tarixində ən gənc baş nazirlərdəndir. Onu da vurğulayaq ki, Boris Consonun istefasından sonra keçirilən yarışda Sunak cəmi 44 gün hakimiyyətdə qalan Lizz Trasa məğlub olmuşdu. Trassın istefası fonunda isə Sunak heç bir ciddi rəqibə rast gəlmədən baş nazir postuna yiyələnməyi bacarıb. Bu mənada onun ikinci cəhddə hakimiyyətə gəlişi demək olar ki, asan keçib. Lakin bu onun hakimiyyət dövrünün də asan keçəcəyi anlamına gəlmir. Əksinə, Rişi Sunakı qarşıda çətin problemlərin həlli gözləyir. Britaniyanın Avropa İttifaqından çıxması, ardınca pandemiyanın tüğyan etməsi və nəhayət, Rusiyaya qarşı sanksiyalardan digər Avropa ölkələri kimi Londonun da əziyyət çəkməsi fonunda bu ölkənin iqtisadi durumu heç də ürəkaçan deyil. Bu hal Britaniya funt sterlinqin son zamanlar kəskin dəyər itirməsində də özünü göstərir.
Xarici siyasətə gəldikdə, Sunak da sələfləri kimi aydın məsələdir ki, Rusiyaya qarşı kəskin mövqeyilə seçiləcək. Lakin Conson və Trassdan fərqli olaraq o hələlik xarici siyasət məsələlərinə elə də baş qoşmur. Ən azından onun bu günə qədər olan açıqlamalarında Conson və Trassdan fərqli olaraq sözügedən məsələlərə hər hansı bir ciddi reaksiyasının şahidi olmamışıq. Bu özünü həmçinin Ukrayna məsələsində də göstərir. Həmin vəziyyət isə onu deməyə əsas verir ki, Sunak diqqətini əsasən daxili problemlərə yönəldəcək. Gələcək seçkilərdə Mühafizəkarların hakimiyyətdə qalıb-qalmayacağı da əslində ilk növbədə daxili məsələlərin necə çözülüb-çözülməməsindən asılıdır. Mühafizəkarların son 3 baş nazirinin ümumi hakimiyyət müddəti heç 7 il çəkməyib. Tereza Mey 3 il, Boris Conson 3 il və Lizz Trass cəmi 44 gün. Həmin durum da növbəti seçkilərdə hakim partiya üçün yaxşı heç nə vəd etmir. Növbəti seçkilər isə 2024-cü ildə olacaq. Bu mənada, Rişi Sunakı baş nazir postunda çətin günlər gözləyir.
Rüfət Sultan