Xəbər lenti

Dünya 13:03 21.07.2025

"Rosneft" Aİ-nin Hindistandakı NEZ-ə qarşı sanksiyalarına görə isterikaya düşüb

Rusiyanın "Rosneft” neft şirkəti Avropa İttifaqının Hindistanda yerləşən törəmə şirkətinə qarşı tətbiq etdiyi sanksiyalara görə narahatlığını ifadə edib. Söhbət "Nayara Energy” adlı neft emalı zavodundan gedir. Aİ bu şirkəti Rusiyaya qarşı qəbul etdiyi 18-ci sanksiya paketinə daxil edib.

Qaynarinfo "Bloomberg”ə istinadla yazır ki, Avropa İttifaqı Rusiyanın Ukraynaya təcavüzünü pisləmək məqsədilə yeni məhdudiyyətlər tətbiq edib.
 
Bu tədbirlərə Hindistanda yerləşən və "Rosneft”in 49,13% paya sahib olduğu neft emalı zavoduna qarşı sanksiyalar da daxildir. Məqsəd – Rusiya neftinin Hindistana ixracı ilə əldə olunan gəlirləri azaltmaqla Kremlin enerji gəlirlərini məhdudlaşdırmaqdır.

"Rosneft”in yaydığı bəyanatda deyilir: "Nayara Energy”nin səhmdarları heç vaxt dividend almayıb, yığılmış mənfəət yalnız Hindistandakı neft emalı, neft-kimya və pərakəndə satış şəbəkəsinin inkişafı üçün istifadə olunub”.

"Nayara Energy” sutkada 400 min barrel gücündə neft emalı zavodunu istismar edir və Hindistan üzrə 7000-ə yaxın yanacaqdoldurma məntəqəsinə sahibdir. Şirkət eyni zamanda neft emalı zavodunun yaxınlığında inteqrasiya olunmuş neft-kimya kompleksi inşa edir. 

Hazırda "Nayara Energy”nin əsas səhmdarları "Rosneft” və "SPV Kesani Enterprises Co.” adlı investisiya konsorsiumudur. Qalan paylar pərakəndə investorların əlindədir. Yerli KİV-in yazdığına görə, "Rosneft” Hindistandakı bu müəssisədən çıxmağa çalışır, çünki sanksiyalar səbəbilə əldə etdiyi gəliri Rusiya iqtisadiyyatına geri qaytara bilmir (repatiyasiya imkanı yoxdur).

"Rosneft” bəyan edib ki, "Nayara Energy” öz səhmdarlarının və istehlakçılarının qanuni maraqlarını qorumaq üçün tədbir görməlidir və bu addımlar həm Rusiya, həm də Hindistan hökumətləri tərəfindən dəstəklənəcək.

"Rosneft” həmçinin Avropa İttifaqının "Nayara Energy”yə qarşı tətbiq etdiyi sanksiyaları "əsassız və qeyri-qanuni” adlandırıb.

Yeni sanksiyalar çərçivəsində Aİ Hindistanın Qucarat ştatındakı Vadinar şəhərində yerləşən neft emalı zavodunu və 7000-ə yaxın yanacaqdoldurma məntəqəsini idarə edən "Nayara Energy” Ltd şirkətinə qarşı məhdudiyyətlər tətbiq edib.

Buna cavab olaraq Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Radhir Caisval bəyan edib ki, Yeni Dehli Avropa İttifaqının Rusiyaya qarşı "bir tərəfli sanksiyalarını” dəstəkləmir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->