Xəbər lenti

Siyasət 18:11 05.09.2022

Ruben Vardanyan “Ermənistanın İvanişvilisi” ola biləcəkmi?  - Ekspert

Erməni əsilli milyarder Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Xankəndinə gəlib. İş adamı açıqlamasında bəyan edib ki, Qarabağdakı erməniləri dəstəkləmək üçün bu addımı atıb. Amma Rusiyada onun addımını batan gəmidən qaçmaq kimi dəyərləndirirlər. Məlumatlara görə, o, Qarabağa öz var-dövlətini Rusiyaya tətbiq edilən sanksiyalardan qorumaq üçün gəlib. 

Rusiyalı politoloq Sergey Markov bildirir ki, Vardanyan ofşor şirkətlər vasitəsilə milyardlarla dollar vəsaiti Rusiyadan çıxarıb. Politoloq qeyd edir ki, erməni milyarder həmçinin narkotrafiklə, qanunsuz silah ticarətilə məşğul olub. Bu şəxs həmçinin Qarabağın təbii resurslarını qarət edib. Bildirildiyinə görə, həmin şəxs habelə Suriya və Livandan ermənilərin Qarabağa köçürülməsinin təşkili üçün beynəlxalq təşkilatın ayırdığı vəsaitin xeyli hissəsini mənimsəyib. 

Buradan aydın olur ki, Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək, Qarabağa gəlişi heç də oradakı ermənilərə dəstək vermək məqsədi daşımır. Markov bildirir ki, bu hiyləgər addımla Vardanyan eyni anda bir neçə "dovşan” vurmağa çalışır. Politoloqun fikrincə, Vardanyan batmaqda olan erməni separatçıları üçün son ümid yeri də sayıla bilər. Markov onun Qərblə ciddi əlaqələrinin olduğunu da düşünür:

"Onun Qarabağ üçün status tələb edən xarici qüvvələrlə əlaqəsinin olduğu istisna edilmir. Bəlkə də onlar Qarabağa statusun verilməsilə ərazini ofşor zonaya çevirmək və qara pulların yuyulmasını davam etdirmək niyyətindədir”.

Vurğulayaq ki, Qarabağ ermənisi olmayan bu şəxs rus sülhməramlılarının müvəqqəti nəzarətində olan əraziyə daxil ola bilib. 

Vardanyan bu addımı ilə Qərb sanksiyalarından qaça bilərmi? Digər tərəfdən, Rusiya sülhməramlıları niyə onu ora buraxıb?
 
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında təhlükəsizlik eksperti İlham İsmayıl bildirir ki, Vardanyan Rusiyadan heç də Qərb sanksiyalarından xilas olmaq üçün qaçmayıb:



"Məqsəd nə pulunu xilas etmək, nə də Qərb sanksiyalarından qaçmaq deyil. Əksinə, onu Qarabağa Rusiya göndərir. Bu səbəbdən də rus sülhməramlıları onu Qarabağa buraxıb. Moskvadan belə bir tapşırıq verildiyindən sülhməramlılar da onu həmin əraziyə buraxmağa borclu idi. Rusiya Cənubi Qafqazda təsir və təzyiqini artırmaq üçün münaqişənin uzun müddət davam etməsində maraqlıdır. Çünki Qarabağda miqrasiya sürətlənir. Bu isə əhalinin çıxılmaz vəziyyətdə olması ilə bağlıdır”.

Həmsöhbətimiz qeyd edir ki, gürcü İvanişvili Gürcüstanda hansı rolu oynayıbsa, Kreml perspektivdə Vardanyanın da Qarabağ və Ermənistanda da eyni rol oynamasında maraqlıdır:
 
"Bu səbəbdən də Vardanyan Moskvanın göstərişilə Qarabağ ermənilərinin sosial problemlərinin həlli üçün addımlar atmalı, əhalini şirnikləndirməlidir. Vardanyan istəyir ki, Qarabağ münaqişəsində son nöqtənin qoyulması zamanını uzatsın. Onun bu fonda uğur qazanıb-qazanmayacağı Azərbaycan və Paşinyanın siyasətindən asılı olacaq”.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->