17Müharibədə iştirakdan imtina etdikləri üçün Luqansk vilayətində həbsdə olan rusiyalı hərbçilər İstintaq Komitəsinə müraciət ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Aqora” hüquq müdafiə təşkilatının rəhbəri Pavel Çikov məlumat verib.
Vəkilin sözlərinə görə, hərbçilər Luqansk vilayətində təxminən 140 nəfərin qanunsuz olaraq azadlıqdan məhrum edilərək müxtəlif yerlərdə saxlanıldığını iddia edirlər. Çikov aydınlaşdırıb ki, azadlıqdan məhrum etmənin qanuniliyini təsdiq edən heç bir sənəd tərtib edilməyib və heç bir ittiham irəli sürülməyib.
Hərbçilər yoxlama aparıb, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli olan komandirlərin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edirlər.
Hərbçilərin maraqlarını təmsil edəcək vəkil Maksim Qrebenyuk bəyanatların skrinşotlarını dərc edib və bildirib ki, hazırda Luqansk vilayətində saxlanılan 70 hərbçinin siyahısı var. O, ümumilikdə 140 nəfərin olduğunu bildirib.
Bu arada Rusiya Federasiyası Çuvaş Respublikasının rəhbəri Oleq Nikolayevin təşəbbüsü ilə Ukraynaya müharibəyə göndərilmək üçün yaradılan "Atal” taborunun könüllüləri kollektiv məktub yazaraq, rəhbərliyi vədlərə əməl etməməkdə ittiham ediblər. Onların sözlərinə görə, onlara vəd edilən 200 min rubl məbləğində əmək haqqı və 2000 rubl məbləğində gündəlik ödənişləri ümumiyyətlə almayıblar. Məktubu hüquqşünas və bloger Yuri Şakeyev dərc edib, "New Times” sənədə istinadən məlumat
paylaşıb.
45 imzanın olduğu məktubda könüllülər Nikolayevdən "bu yerinə yetirilməmiş vədlərlə Çuvaş Respublikasını rüsvay etməməyi” xahiş ediblər. Onların sözlərinə görə, şəxsi heyətin 90%-i müqaviləni ləğv etməyə hazırdır. Eyni zamanda, onlar Ukraynada döyüşləri davam etdirməyə hazır olduqlarını, bunu özəl hərbi şirkətlərə və ya Çeçen Qvardiyasına qoşulmaqla həyata keçirə biləcəklərini qeyd ediblər. Könüllülər həmçinin pulun 2022-ci il avqustun 10-na kimi onlara köçürülməsini tələb ediblər, əks halda Rusiya prezidenti Vladimir Putinə məktub yazmağa başlayacaqlar.
Çuvaşiya Ukraynadakı müharibəyə təkcə hərbisini deyil, həm də maliyyəsini verir - respublikanın Donetsk zavodlarının bərpasına kömək edəcəyi planlaşdırılır. Bölgənin özü sərvətlə öyünə bilməz - 2022-ci ilin iyununda Çuvaşiyanın əhalinin gəlirlərinə görə Rusiya regionlarının reytinqində 72-ci yeri tutduğu bildirilir. Hazırda respublika əhalisinin demək olar ki, 16 faizi yoxsulluq həddində yaşayır.
Nizami Bağırov