Dünya 19:19 18.05.2022

Rus komandir Sumidə hərbi cinayətlərdə iştirakını etiraf etdi

Ukraynada müharibə zamanı hərbi cinayətlərdə ittiham olunan ilk rusiyalı Vadim Şişimarin Kiyevin Solomenski Rayon Məhkəməsində günahını etiraf edib. 

Qaynarinfo xəbər verir ki, məhkəmə iclasından reportajı Ukraynanın "Qraty” nəşrinin müxbiri yayımlayıb.

Prokuror Andrey Sinyuk tərəfindən ittiham aktı elan edildikdən sonra hakimin Şişimarinin Sumı rayon sakininin qətlində günahını etiraf edib-etməməsi ilə bağlı sualına hərbçi "bəli” cavabını verib. Hakimin ikinci dəqiqləşdirici "Tam?” sualına təqsirləndirilən şəxs müsbət cavab verib. 

Təqsirləndirilən şəxsin vəkili Viktor Ovsyannikovun qısa çıxışından sonra məhkəmə zalına daxil olmaq istəyən jurnalistlərin çoxluğu səbəbindən proses mayın 19-u, saat 12:00-a qədər fasilə elan edib. 

21 yaşlı rus ordusunun çavuşu Vadim Şişimarin Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi ilə ittiham olunan ilk şəxslərdən biridir. İstintaqın məlumatına görə, fevralın 28-də 4-cü tank Kantemirov diviziyasının manqa komandiri Şişimarin Sumı rayonunun Çupaxovka kəndinin 62 yaşlı sakini Aleksandr Şepilovu güllələyib. Sonuncu, mülki geyimdə və silahsız olub.

Şişimarini 10 ildən 15 ilə qədər həbs və ya ömürlük həbs gözləyir.

Nizami Bağırov