ABŞ Dövlət Departamenti Rusiyanın seçki proseslərində ictimai etimadı sarsıtmaq səyləri ilə bağlı 100 ölkədəki səfirliklərinə kəşfiyyatı sənəd göndərib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" mənbələrə
istinadən yazıb.
Moskvanın bu məqsədlə casuslar, sosial şəbəkələr və Rusiya dövlət mediasından istifadə etdiyi iddia edilir.
Sənəddə iddia edilir ki, ABŞ kəşfiyyatı Rusiyanın 9 ölkədə, o cümlədən ABŞ-da seçkilərə ictimai etimadı sarsıtmaq məqsədi ilə 11 müdaxilə cəhdini qeydə alıb. Bunun üçün onlar Rusiya kəşfiyyat xidmətləri ilə əlaqəli olduğu iddia edilən açıq və gizli mexanizmlərdən, o cümlədən təsir şəbəkələri və etibarlı şəxslərdən istifadə ediblər.
Sənəddə deyilir ki, kəşfiyyat həmçinin Rusiya Federasiyasının seçkilərə təsir etmək üçün sosial şəbəkələrdən istifadə etməklə "az ifadəli" cəhdlərin 17 faktını müəyyən edib. Söhbət hansı hallardan getdiyi açıqlanmır. "Reuters"in mənbəsi iddia edir ki, Rusiya 2020-ci il ABŞ seçkilərindən və koronavirus pandemiyasından sonra seçki proseslərinə təsirini aktivləşdirib.
Səfirliklərin kəşfiyyat sənədini yerli hakimiyyət orqanlarına təhvil verməsi gözlənilir. Onlara "faktlara əsaslanan məlumatların yayılması, seçkilərə müdaxilə edənlərə qarşı sanksiyaların tətbiqi və kəşfiyyat işçilərinin ölkədən çıxarılması" yolu ilə seçkilərə təsir etmək cəhdləri ilə mübarizə aparmaq tövsiyə olunur.
2019-cu ildə xüsusi prokuror Robert Mueller Rusiyanı 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etməkdə ittiham edib. Amerika hakimiyyəti Rusiyanı və digər ölkələri 2020-ci il seçkilərinə təsir etmək cəhdində də günahlandırıb.
Aydın